Zəlzələ Zaqatalanın enerji, su, rabitə təchizatında və nəqliyyat infrastrukturunda heç bir problem yaratmayıb

Zəlzələ Zaqatalanın enerji, su, rabitə təchizatında və nəqliyyat infrastrukturunda heç bir problem yaratmayıb
# 07 may 2012 11:54 (UTC +04:00)
«Azərenerji» ASC-dən «APA-Economics»ə verilən məlumata görə, Zaqatalada səhər saatlarında baş vermiş zəlzələ Zaqatala və qonşu rayonların elektrik enerjisi təchizatına təsir göstərməyib: «Hazırda Zaqatala və qonşu rayonlarda müvafiq yerlərdə dəqiqləşdirmələr və araşdırmalar aparılır. Lakin elektrik enerjisi təchizatında heç bir problem müşahidə olunmayıb, elektrik enerjisinin verilişində fasilə yaranmayıb».

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, Zaqatalanın Aşağı Tala kəndində qaz təchizatında qismən məhdudiyyət yaransa da, hazırda bu məhdudiyyət aradan qaldırılıb: «İndi Zaqatala və qonşu rayonların qaz təchizatında problem yoxdur».

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun «APA-Economics»ə verdiyi məlumata görə, Zaqatalada baş vermiş zəlzələ nəticəsində rabitə, telekommunikasiya və internet təchizatında heç bir fasilə və problem qeydə alınmayıb.

«Azərsu» ASC-dən isə bildirilib ki, zəlzələ ASC-nin su qurğularına zərər vurmayıb: “Hazırda bölgənin su təchizatında problem müşahidə olunmur”.

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, zəlzələyə baxmayaraq Bakı-Balakən marşrutu üzrə sərnişin qatarı cədvəl üzrə mənzil başına çatıb: «Hazırda QSC-nin İnfrastruktur Departamenti tərəfindən dəmir yolunun rabitə və elektrik enerjisi təchizatına, körpü və s. baxış keçirilir ki, nasazlıq aşkarlandığı halda dərhal aradan qaldırılsın».

Beynəlxalq Avtovağzaldan da Zaqatala istiqamətində avtobusların cədvələ uyğun hərəkət etdiyi, magtistral yolun hansısa hissəsində bağlanma qeydə alınmadığı bildirilib: “Avtomobillərin gediş-gəlişində heç bir problem müşahidə olunmur».

«Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərlinin «APA-Economics»ə verdiyi məlumata görə, baş vermiş zəlzələ Zaqatala beynəlxalq aeroportunun binasına ciddi təsir etməyib: «Zəlzələ nəticəsində aeroport binasının bəzi yerlərində suvaq çatlayaraq tökülüb, 3 elektron qapı sıradan çıxıb, xəsarət alan olmayıb. Hava nəqliyyatının hərəkətini tənzimləyən dispetçer binası və uçuş-enmə zolaqları təsirsiz ötüşüb və aeroport təyyarələri qəbul etmək və yola salmağa hazırdır. Bugünkü Bakı-Zaqatala-Bakı aviareysi adi qaydada yerinə yetiriləcək».

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından isə APA-ya bildirilib ki, bu gün baş verən zəlzələdə insan itkisi olmayıb. Lakin müxtəlif xəsarətlər alan 20-yə yaxın şəxs xəstəxanaya müraciət edib. Müraciət edənlərdən heç birinin xəsarət ağır olmayıb, reanimasiyaya yerləşdirilən və cərrahiyyə əməliyyatı keçirilən olmayıb.

Xəsarət alanlara ilkin tibbi yardım göstərilərək, evə buraxılıblar.

Rayon xəstəxanası hazırda normal şəraitdə işini davam etdirir.
Xatırladaq ki, bu gün saat 09:40 radələrində Zaqatala rayon mərkəzindən 17 km cənub-qərbdə 5,5 maqnitudada (12 ballıq şkala üzrə 7 bala yaxın), 10-12 km dərinlikdə zəlzələ baş verib. Yeraltı təkanlar ətraf rayonlarda, habelə, Gəncə-Qazax, Mərkəzi Aran, Qarabağ və bölgələrdə də hiss olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR