Bahar Muradova: “Dünyada erməni mifi dağılmaqdadır”

Bahar Muradova: “Dünyada erməni mifi dağılmaqdadır”
# 19 mart 2012 11:06 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Biz Dağlıq Qarabağ danışıqlarına müsbət nəticə baxımından yanaşsaq, görərik ki, artıq neçə ildir eyni nöqtədəyik. Amma erməni lobbisinin, erməni maraqlarına xidmət edən beynəlxalq dairələrin, dünya erməniliyinin başlatdığı bir prosesdə artıq keçən hər gün onlar üçün uğursuzluq sindromunu möhkəmləndirir, Azərbaycan üçün isə uğur qazanmaq ehtimalını daha çox artırır. Ən əsası, dünyada erməni mifi dağılmaqdadır”. APA-nın xəbərinə görə, bunu Milli Məclisinin sədr müavini Bahar Muradova YAP-ın saytına müsahibəsində deyib. O bildirib ki, Azərbaycan həqiqətləri artıq daha geniş anlamda dünyada qəbul olunmaqdadır: “Əgər vaxtilə qondarma “erməni soyqırımı” qərarlarının qəbulu, xarici dövlətlərin parlamentlərində erməni maraqlarına xidmət edən qərarların qəbulu müşahidə edilirdisə, bu gün artıq Azərbaycan mövqeyindən qəbul edilən qərarlar və məsələlərə yanaşma özünü daha çox göstərməyə başlayıb. Artıq dünya ermənilərin öz siyasətlərini yalan üzərində qurduqlarının fərqindədir. Bunun özü Qarabağ məsələsinin haqq-ədalət çərçivəsində həllinə şərait yaradan amillərdən biridir”.

B. Muradova Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” yarışmasına kölgə salınması cəhdləri barədə də danışıb: “Azərbaycanda uzun illərdir öz siyasi ambisiyalarını reallaşdıra bilməyən bir qrup uğursuz narazılar bu prosesləri gərginləşdirməklə öz niyyətlərinə çata biləcəklərini düşünürlər. Onlar hesab edirlər ki, vəziyyət nə qədər gərgin olacaqsa, özlərini bir o qədər yaxşı hiss edəcəklər. Bu, onlar üçün yeganə “saman çöpüdür”. Azərbaycanın bütövlükdə uğuru sayılan, ölkəmizin dünyaya açılması və dünyanın Azərbaycana maraq və diqqətinin artması, ölkəmizi bir növ kəşf etməsi üçün çox gözəl bir şans olan musiqi yarışmasının gətirəcəyi dividentləri, nailiyyətləri bir kənara qoyaraq, özünün sırf qrup maraqlarından çıxış edənlər şayiələrlə, dezinformasiyalarla beynəlxalq aləmdə ölkəmizin nüfuzuna xələl gətirmək istəyirlər. Bu fəaliyyət Azərbaycanda yeni deyil. Mən hesab edirəm ki, bu da baş tutmayacaq. Kimlərsə öz siyasi ambisiyalarını bu yarışmanın hesabına reallaşdırmaq, bu yarışmanın ətrafında qalmaqal yaratmaq istəyirsə, əmin ola bilərsiniz ki, bunlar boş cəhdlərdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR