Müəllif Hüquqları Agentliyinin sədri Beynəlxalq Bakı Forumunda Şərqi Avropa ölkələrinin təmsilçisi kimi prezentasiya edib

Müəllif Hüquqları Agentliyinin sədri Beynəlxalq Bakı Forumunda Şərqi Avropa ölkələrinin təmsilçisi kimi prezentasiya edib
# 07 noyabr 2012 14:35 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov Bakıda BMT və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə İnternetin İdarəçiliyi üzrə “Davamlı insan, iqtisadi və sosial inkişaf məqsədləri üçün İnternetin idarəçiliyi” devizi altında Beynəlxalq Bakı Forumunda (www.intgovforum.org) Şərqi Avropa ölkələrinin təmsilçisi kimi “Müəlliflik hüququ və İnternet, maraqların toqquşması və kompromisin axtarışı” mövzusunda prezentasiya ilə çıxış edib. MHA-dan APA-ya verilən xəbərə görə, bu il yeddinci dəfə keçirilən Forumun “Müəllif hüquqlarına yenidən baxış: bir sıra ümumi prinsipləri inkişaf etdirə bilərik?” başlığı altında keçirilən bölməsi əqli mülkiyyət hüquqlarının qorunması və internetin açıqlığının təmin olunması arasında düzgün balans əldə edilməsi üzrə problemlərin müzakirəsinə həsr olunub. Burada əsas diqqət bu sahədə mövqelərin birləşdirilməsinə nail olmağa, həmçinin İnternetin idarəçiliyi, informasiya texnologiyaları və müəllif hüquqları sahəsinə aid qlobal səviyyədə qəbul olunan standart və prinsiplərin minimal toplusunun yaradılması məsələlərinə yönəldilib.

K. İmanov diqqəti internetin açıqlığı və hüquq sahiblərinin maraqları arasında tarazlığın axtarışı, onlar arasındakı münasibətləri tənzimləyə biləcək hüquqi çərçivənin yaradılması məsələlərinə yönəldərək deyib ki, müəlliflik hüququ və İnternet arasında kompomis axtarışı vacib məsələdir: “Kompomis axtarılarkən nəzərə almaq lazımdır ki, rəqəmli şəbəkədə əsərlər deyil, onların rəqəmli kontentindən istifadə olunur və bu kontentin dövriyyəsi yeni kontent yaradır. Kontent isə informasiya təbiətinə malikdir. İnformasiya hüququ məhdud əldə oluna bilən informasiyanı qoruyur, halbuki kontent şəklində olan əsərin müəlliflik hüququ tərəfindən qorunması açıqlanmış, yəni hamı tərəfindən əldə oluna bilən informasiyanın qorunması ilə bağlıdır. Bundan başqa, müəlliflik hüququnun əsasında duran müstəsna hüquqlar istifadəyə icazə vermək və qadağa qoymaqla bağlıdır. Müəllif-hüquq qanunvericiliyinin internetdə sərtləşdirilməsi ilə yanaşı, ədalətli qonarar ödənişi ilə məcburi lisenziyalardan da istifadə olunmalıdır. Məsələn, bunları müəlliflrin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi ilə (əsərlərin radio və televiziyada istifadəsinə oxşar) həyata keçirmək məqsədəuyğun olardı”.

Agentlik sədri deyib ki, Azərbaycanda yeni qəbul edilmiş “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun və MHA-nın tabeliyində yaradılmış “Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi” də əqli mülkiyyət hüquqlarının təminatı məqsədlərinə xidmət edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR