Azərbaycanda sahibkarlar üçün yeni informasiya portalının təqdimatı keçirilib

Azərbaycanda sahibkarlar üçün yeni informasiya portalının təqdimatı keçirilib
# 15 mart 2012 10:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Bakıda sahibkarlıq fəaliyyəti üçün icazələrin (lisenziyaların) elektron informasiya portalı - www.icazeler.gov.az saytının təqdimatı keçirilib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov deyib ki, 2011-ci il Azərbaycan iqtisadiyyat üçün uğurlu olub və nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilib: “Dünya İqtisadi Forumu tərəfindən dərc olunan, dünya ölkələrinin rəqabət qabiliyyəti səviyyəsini xarakterizə edən qlobal rəqabət indeksi hesabatında Azərbaycan 142 ölkə arasında 65-ci yeri tutub. Son 7 hesabat ərzində Azərbaycanın mövqeyi 14 pillə yüksəlib. Bu göstəriciyə görə Azərbaycana MDB-də birinci yeri tutur”.

N.Səfərov bildirib ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən 183 ölkənin yer aldığı biznes mühitinə dair 2012-ci il hesabatında Azərbaycan mövqeyini 3 pillə yaxşılaşdıraraq, 6-cı yerdə qərarlaşıb: “Ötən il ölkədə 100 müəssisə inşa edilib, hazırda isə 200 müəssisənin tikintisi aparılır. 2011-ci ildə Azərbaycanda 94 min iş yeri açılıb”.

Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) Cənubi Qafqaz üzrə meneceri Tomas Link portalın yaradılmasını Azərbaycanda elektron hökumətin və biznesin inkişafı istiqamətində atılan mühüm addım adlandırıb. T.Link Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü də diqqətə çatdırıb.

Mərasimdə o da bildirilib ki, portal 7 bölmədən ibarətdir. İqtisadi İnkişaf Nazirliyi portalın hazırlanması zamanı 128 dövlət qurumuna müraciət edib. Həmin qurumlar tərəfindən portala 270 icazə sənədi, o cümlədən 57 lisenziya və 213 adda müxtəlif istiqamətli icazələr təqdim olunub.

Tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai və beynəlxalq təşkilatın nümayəndələri və sahibkarlar iştirak ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR