Ştrasser 90-cı illərinin əvvəllərində Bakı metrosunda törədilən terror aktının iştirakçılarının adını siyasi məhbus siyahısına salıb

Ştrasser 90-cı illərinin əvvəllərində Bakı metrosunda törədilən terror aktının iştirakçılarının adını siyasi məhbus siyahısına salıb
# 03 iyul 2012 11:46 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasserin Azərbaycanla bağlı hazırladığı hesabata dair mətbuat konfransı keçiriblər.

APA-nın məlumatına görə, Səidə Qocamanlı bildirib ki, hesabat AŞPA sessiyası çərçivəsində iyunun 26-da qurumun Hüquq məsələləri və insan haqları Komitəsində təqdim olunub, 89 nəfərin adı olan siyahı açıqlanıb. Hüquq müdafiəçisi deyib ki, siyahının hazırlanması prosesində neqativ hallara, pozuntulara yol verilib: “Məsələn, sıra 71-dən 73-ə, 75-dən 78-ə keçib. Bundan başqa, hesabat təqdim olunan zaman siyahıda olan 17 nəfər artıq azadlığa buraxılmışdı. Hətta onların bir neçəsi ötən il və ya ilin əvvəlində azad ediliblər. Bəzi şəxslərin adı isə məhkəmə qərarı olmadan siyasi məhbus kimi siyahıya salınıb. Siyahıda “Texnikabank”ın əməkdaşı Elnur Seyidov və “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı da var. Biz Əvəz Zeynallını potensial siyasi məhbus hesab etsək də, məhkəmə qərarı olmadan bunu rəsmi şəkildə açıqlaya bilmərik”.

S. Qocamanlı monitorinq qrupunun son əfv sərəncamından sonra 10 nəfərin adının olduğu siyahı tərtib etdiyini də diqqətə çatdırıb: “Bu siyahıdan əlavə, “Səid Dadaşbəyilinin dəstəsinin” və islamçıların da adının salındığı daha bir siyahı hazırlamışıq. Bundan başqa, səhhətində problemlər olan Əli İnsanov, Fərhad Əliyev, Telman İsmayılov və Vidadi İsgəndərlinin adının yer aldığı 4 nəfərlik siyahımız da var”.

O, təəssüflə qeyd edib ki, K. Ştrasserin hazırladığı siyahıda ötən əsrin 90-cı illərinin əvvəllərində Bakı metrosunda törədilən terror aktlarının iştirakçılarının da adı yer alıb: “Bu siyahıda elə şəxslərin adı var ki, onları heç kim tanımır”.

Monitorinq qrupunun üzvü Səadət Bənnənyarlı da K. Ştrasserin siyahısının qeyri-obyektiv hazırlandığını diqqətə çatdırıb.

Qrupun üzvü Novella Cəfəroğlu isə onun Hüquq məsələləri və insan haqları Komitəsində Azərbaycan İslam Partiyasının və digər İslam təmayüllü təşkilatların azadlıqdan məhrum edilən üzvlərinin müdafiəsinin qarşısını aldığına dair mətbuatda gedən yazırala münasibətini açıqlayıb: “Mən İslam dininin tələblərinə ciddi riayət olunduğu ailədə böyümüşəm. Naxçıvan şəhərinin mərkəzindəki məscid mənim babam tərəfindən inşa edilib. Kimlərsə öz reklamları ilə məşğul olduqları bəs deyil, digərlərinə şər atmaqla məşğuldurlar. Buna görə də mən bəyan edirəm ki, yaxın vaxtlarda bizim monitorinq qrupunun üzvləri həbsdə olan axundlar və dindarların hər biri ilə görüşəcək”.

N. Cəfəroğlu qeyd edib ki, bu cür qısqanclıqla həmin şəxslər hüquq müdafiəçisi kimi Azərbaycanı təmsil edə bilməyəcəklər: “Biz atdığımız hər addımda Azərbaycan hakimiyyətini yox, dövlətini düşünürük. Çünki bütün bu həqiqətə uyğun olmayan siyahılar və məlumatlar dövləti təhlükə altına salır”.

Qeyd edək ki, Hüquq Məsələləri və İnsan Haqları Komitəsində hazırlanan qətnamə layihəsi 26 səs lehinə, 22 səs əleyhinə qəbul edilib və baxılması üçün qurumun payız sessiyasına çıxarılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR