Beynəlxalq Sığorta Şirkətinə müddətsiz lisenziya verilib

Beynəlxalq Sığorta Şirkətinə müddətsiz lisenziya verilib
# 18 iyul 2012 14:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən ölkənin ən iri sığorta şirkətlərindən olan Beynəlxalq Sığorta Şirkətinə müddətsiz lisenziya verilib.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, əvvəllər verilmiş lisenziyasının fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Beynəlxalq Sığorta Şirkəti ASC-yə Maliyyə Nazirliyinin müvafiq əmri ilə bu ilin iyul ayının 13-də sığorta fəaliyyətinə müddətsiz lisenziya verilib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan maliyyə nazirinin müavini Azər Bayramov Beynəlxalq Sığorta Şirkətinə icbari sığorta növləri üzrə fəaliyyət üçün icazənin verilməməsini şirkətin lisenziya müddətinin başa çatması ilə izah edib. Nazir müavini bildirib ki, Beynəlxalq Sığorta Şirkətinə müddətsiz lisenziya verildikdən sonra şirkətin İcbari Sığorta Bürosuna üzvlük məsələsi tezləşdiriləcək.

Xatırladaq ki, əsas təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan BSŞ 2002-ci ildə fəaliyyətə başlayıb. Şirkət müştərilərinə 32 könüllü sığorta növü üzrə xidmət göstərir. Bu ilin yanvar-may aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 6,429 mln. manat, sığorta ödənişləri isə 2,230 mln. manat olub. Car ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 8,8 mln. manat təşkil edir.

Beynəlxalq Sığorta Şirkəti Azərbaycanda sığorta şəhadətnamələrinin on-line satışını tətbiq edən ilk şirkət olub. Bundan başqa, bir müddət əvvəl Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin sifarişi ilə dünyanın ən böyük bazar araşdırma şirkətlərindən biri olan «GfK Group»un Türkiyə bölməsi «GfK Türkiye» Azərbaycanın ən çox tanınan sığorta şirkətlərini müəyyən edib. Aparılan bazar araşdırması nəticəsində məlum olub ki, Azərbaycanın ən çox tanınan sığorta şirkəti Beynəlxalq Sığorta Şirkəti (BSŞ) olub. Belə ki, sorğu nəticəsində BSŞ 9,2% səs çoxluğu ilə sığorta şirkətləri sırasında lider olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR