“Miss Civilation Azerbaijan 2012”nin rəhbəri: “Cengiz cəzasını aldı”

“Miss Civilation Azerbaijan 2012”nin rəhbəri: “Cengiz cəzasını aldı”
# 28 avqust 2012 15:01 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanda keçirilən “Miss Civilization Azerbaijan 2012” (“Azərbaycan mədəniyyət gözəli”) müsabiqəsindən sonra yaranan qalmaqala aydınlıq gətirilib. APA-nın məlumatına görə, bununla bağlı bu gün keçirilən mətbuat konfransında müsabiqənin təşkilat rəhbəri Kamal Cenk İçten yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini qeyd edib: “Müsabiqədə hansısa bir məbləğ söhbətinin olması heç bir reallığı əks etdirmir. Əgər onu deyən şəxslərin əlində sübutu varsa, gətirib göstərsinlər”. Münsiflər heyətinin üzvü Cengiz Aşkının naməlum şəxslər tərəfindən döyülməsinə gəlincə isə Kamal Cenk bildirib ki, o, bunu reytinq xatirinə edib: “Cengizə “Keçmiş olsun” deyirəm. O, kimlərinsə sözü ilə hərəkət etdi. Diana xanıma söz verib ki, onu birinci edəcək. Amma əslində hər şey obyektiv olaraq keçdi. Cengiz burada aldadan tərəf oldu. Ona görə də cəzasını aldı”.

Təşkilat Komitəsinin sədri Fərid Bağırov isə deyib ki, Cengizi xəstəxanaya o aparıb: “Amma xəstəxanaya apararkən o, bildirdi ki, yoldaşları ilə futbol oynayarkən toqquşublar. Ondan bir gün sonra isə polislərə naməlum şəxslər tərəfindən döyüldüyünü iddia edib. Mən ona zəng edərkən, foto çəkdirdiyini söylədi. Dedi ki, informasiya agentliklərinə yollamaq istəyirəm. Bu adam sırf özünü reklam etmək üçün gəlibmiş və cəzasını da çəkdi”.

Hazırda Cengizin münsiflər sırasından uzaqlaşdırıldığını deyən layihə rəhbəri, yarışlara qatılan Diana ilə də münasibətlərdən danışıb: “Diana özünü müsabiqədə ən iddialı iştirakçısı hesab edirdi. Həm də düşünürdü ki, o, hamıdan gözəldir və birinci o seçiləcək. Amma gördüyünüz kimi, bütün münsiflər məhz Aytacın gözəl olduğunu söyləyərək, onu qalib etdilər. O, ən layiqli namizəd idi. Biz bu müsabiqəni Azərbaycanın adı üçün təşkil etmişik. Yarışmada iştirak edən ölkələr bütün bu yazıları izləyir. Əgər belə münasibət göstəriləcəksə, olmayan hadisələr işıqlandırılacaqsa, biz əvvəldən imtina edək.

Qeyd edək ki, müsabiqənin qalibi Aytac Ağacanova olub və o Azərbaycanı “Miss Civilization of the world” müsabiqəsində təmsil edəcək. Müsabiqədə Türkiyə, Albaniya, Tunis, Kipr, İspaniya, Gürcüstan, Ukrayna, Rusiya, Özbəkistan, İsrail, Qırğızıstan, Qazaxıstan da daxil olmaqla, ümumilikdə 24 ölkə iştirak edəcək. Final gecəsi sentyabr ayında keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR