İran Turizm Təşkilatının rəhbəri Azərbaycana gələcək

İran Turizm Təşkilatının rəhbəri Azərbaycana gələcək
# 03 sentyabr 2012 11:42 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İran Turizm Təşkilatının beynəlxalq məsələlər üzrə şöbə müdiri Məhəmməd Pərvin bildirib ki, tədbirə İran Turizm Təşkilatının rəhbəri Həsən Musəvi qatılacaq: “Musəvini konfransa ÜTT-nin baş katibi dəvət edib. O, tədbirdə çıxış edəcək, İran prezidenti Mahmud Əhmədinejadın mesajını Azərbaycanın dövlət başçısı İlham Əliyevə çatdıracaq. Mesajda iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi üçün səy göstərilməsi istənilir”.

Qeyd edək ki, konfransda ÜTT-nin baş katibi Taleb Rifai, təşkilatın məruzəçiləri, ekspertləri, ÜTT-yə üzv dövlətlərin milli turizm təşkilatlarının yüksək vəzifəli şəxsləri, həmçinin yerli və xarici hökumət və qeyri-hökumət təşkilatlarının və dünyanın aparıcı KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Azərbaycan ÜTT-nin İpək Yolu Proqramının üzvüdür. 28 ölkənin üzv olduğu İpək Yolu Proqramının məqsədi birgə səylərlə İpək Yolu boyunca turizmi davamlı inkişaf etdirməkdir. Konfrans iştirakçıları İpək Yolu ölkələrinin kulinariya təcrübəsinə dair fikir mübadiləsi aparacaqlar. Tədbirin ilk günü "Qida və Turizm: Qlobal meyllər və imkanlar", "İpək Yolunun kulinariya məkanlarının aparıcı şəbəkəsi kimi qurulması" və "İnkişaf üçün qida" mövzularında sessiyalar təşkil ediləcək. Tədbirin ikinci günü "İpək Yolu qlobal səyahət mediasında" və "Rəqəmsal dövr: Sosial media və səyahət" mövzularında "dəyirmi masa"lar keçiriləcək.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, İtaliya və İspaniya mətbəxlərinin təqdimatı və master-klasslar da təşkil olunacaq, Azərbaycan və Gürcüstan istehsalı olan şərabların dequstasiyası keçiriləcək. Tədbir çərçivəsində iştirak edəcək dünyanın aparıcı KİV nümayəndələrinin Azərbaycanın regionlarına press-turu təşkil ediləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR