Marneulidə Gürcüstan parlamentinə deputatlığa namizədlərlə görüş keçirilib

Marneulidə Gürcüstan parlamentinə deputatlığa namizədlərlə görüş keçirilib
# 17 sentyabr 2012 21:51 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Gürcüstan parlamentinə seçkilərdə deputatlığa namizədlərin azərbaycanlı və gürcü sakinləri və QHT nümayəndələri ilə görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Marneulidə fəaliyyət göstərən Məşğulluq Mərkəzinin təşəbbüsü ilə baş tutub. Görüşdə Gürcüstanın müxtəlif partiyaları tərəfindən irəli sürülən 6 nəfər namizəd iştirak edib. Tədbirdə Azər Süleymanov (Milli Hərəkat Partiyası), Mahir Dərziyev (“Gürcü arzusu” partiyası), Ruslan Zedqenidze (“Gürcüstanın gələcəyi” partiyası), Rada Bayramova (“Azad Gürcüstan”), Vaqif Məmmədov (“Xristiyan- demikrat hərəkatı” partiyası) və İslam Axundov (“Yeni sağlar” partiyası) azərbaycanlı və gürcü seçiciləri qarşısında qəbul etdikləri platformalar haqqında məlumat veriblər. Görüş disskusiya şəraitində davam edib. Tədbirdə iştirak edən seçicilər və QHT nümayəndələri deputatlığa namizədlərə torpaq, məktəb, işsizlik və bir sıra problemləri necə həll edəcəkləri barədə çoxsaylı suallar veriblər. Sualların cavablarında deputatlığa namizədlər arasında fikir müxtəlifliyi yaranıb. Sonda ilk dəfə keçirilən belə görüş seçicilər arasında müsbət qiymətləndirilib. Yaxın günlərdə belə məzmunlu görüşlərin davam etdirilməsi nəzərdə tutulub.
Tədbirdə ziyalılar, QHT nümayəndələri, rayon fəalları, jurnalistlər iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR