Qırğızıstanda MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçirilib

Qırğızıstanda MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının iclası keçirilib
# 17 oktyabr 2012 14:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Qırğızıstanın Bişkek şəhərində MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının on ikinci iclası keçirilib. Bu barədə APA-ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstandan nümayəndələrin iştirak etdiyi iclasda Azərbaycanı Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavini Pərviz Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda çıxış edən P. Musayev Azərbaycanda miqrasiya sahəsində mövcud vəziyyətdən, cari ilin 8 ayını əhatə edən nəticələrdən danışıb. Bildirib ki, 2012-ci ilin 8 ayı ərzində DMX-ə əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, həmçinin daimi qeydiyyat vəsiqələrinin dəyişdirilməsi, əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazələrin verilməsi, mövcud fərdi icazələrin müddətinin uzadılması, vətəndaşlıq və qaçqın statusunun müəyyənləşdirilməsi məsələləri ilə bağlı 38189 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

DMX əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, yaşama qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə keçirilmiş tədbirlər nəticəsində 11 376 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub. Onlardan əsas olduğu üçün 2 322 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb, 8017 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müddəalarında nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 1037 əcnəbinin inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.

İclas çərçivəsində “MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasında Avrasiya İqtisadi Komissiyasına müşahidəçi statusunun verilməsi haqqında”, “MDB iştirakçı dövlətlərdə miqrasiyanın vəziyyəti haqqında”, “MDB iştirakçı dövlətlərin Dövlət Başçıları Şurasının, Hökumət Başçıları Şurasının, Xarici İşlər Nazirləri Şurasının və Miqrasiya Orqanları Rəhbərləri Şurasının miqrasiya sahəsinə dair qərarlarının həyata keçirilməsinin gedişatı haqqında”, “MDB iştirakçı dövlətlərin 2012-2014-cü illər üçün qanunsuz miqrasiyanın qarşısının alınması üzrə əməkdaşlıq Proqramının həyata keçirilməsinin gedişatı haqqında”, “2025-ci ilə qədər Rusiya Federasiyasının dövlət miqrasiya siyasəti Konsepsiyası haqqında”, “MDB iştirakçı dövlətlərin əhalisində əməkçi miqrantlara münasibətdə tolerant münasibətin formalaşdırılması məqsədilə MDB iştirakçı dövlətlərin miqrasiya orqanlarının KİV-lə qarşılıqlı əlaqəsi haqqında” Qərarlar qəbul edilib.

Azərbaycan tərəfi “MDB iştirakçı dövlətlərin Miqrasiya Orqanları Rəhbərləri Şurasında Avrasiya İqtisadi Komissiyasına müşahidəçi statusunun verilməsi haqqında” Qərar istisna olmaqla digər qərarlara qoşulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR