“Azərbaycanda insan hüquqları: problemlər və həll yolları” mövzusunda konfrans keçirilib - FOTO

“Azərbaycanda insan hüquqları: problemlər və həll yolları” mövzusunda konfrans keçirilib - <font color=red>FOTO</font>
# 05 mart 2012 15:02 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Liberal Partiyası (ALP), Vətəndaş və İnkişaf Partiyası (VİP) və Azərbaycan Yaşıllar Partiyasının (AYP) birgə təşkil etdiyi “Azərbaycanda insan hüquqları: problemlər və həll yolları” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, tədbiri açan Yaşıllar Partiyasının sədri Mais Güləliyev Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin müzakirəsinə ehtiyac olduğunu deyib: “Bu, ən çətin qavranan anlayışdır. İstənilən ölkədə insan hüquqları anlayışı spekulyativdir. Xüsusən də bu, siyasi spekulyasiya üçün ciddi əsas verir”.

Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva bildirib ki, sivil dövlətlərdə qanunlar xalq üçün yazılır: “Qanunlarda bir sıra mürəkkəb məqamlar var ki, insanların öz hüquqlarını qorumağa imkan vermir. Sovet dövründə ictimai vəkillik institutu var idi. İndi bu, yoxdur. Kasıb insanlar problemlə üzləşəndə özünə vəkil tuta bilmir. İnsan hüquqlarına dair bir sıra öhdəliklər yerinə yetirilmir”.

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qeyd edib ki, normal cəmiyyətlərdə dövlət hüququ ilə insan hüququ arasında bir nisbət tapılır: “Dövlət insanı qoruyur, insan da dövləti. Ancaq bu ahəngdarlıq tapılmayanda və bunun biri digərindən üstünlük təşkil edəndə, o cəmiyyətdə bir sıra narahatlıqlar mövcud olur. Fikrimcə, insan haqları cəmiyyətin ümumi mədəni səviyyəsini göstərən bir prosesdir. Nə qədər yüksək səviyyədə inkişaf etmiş cəmiyyət varsa, orada hüquq da qorunur, adamların hər birinin haqqı da”.

Tədbirdə Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMBP) sədri Hacıbaba Əzimov, politoloq Zərdüşt Əlizadə, hərbi ekspert Üzeyir Cəfərli, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, hüquqşünas Qurban Kazımov, Azərbaycan İslam Partiyasının (AİP) sədr müavini Akif Heydərli, Azərbaycan Birlik Təşkilatının sədri Vüsal Hətəmov və digərləri çıxışlarında hökuməti insan hüquqları sahəsində vəziyyətin normallaşdırılması istiqamətində təcili addımlar atmağa çağırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR