“Mətbuatın inkişafı ilə bağlı Dövlət Proqramı” layihəsinin müzakirəsi keçirilib

“Mətbuatın inkişafı ilə bağlı Dövlət Proqramı” layihəsinin müzakirəsi keçirilib
# 16 fevral 2007 14:41 (UTC +04:00)
Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə hazırlanmış “Mətbuatın inkişafı ilə bağlı Dövlət Proqramı” layihəsinin müzakirəsi keçirilib. APA-nın məlumatına görə, müzakirədə ayrı-ayrı mətbuat orqanlarının rəhbərləri iştirak edib. Mətbuat Şurasının sədri Əflatun Amaşov layihə haqqında tədbir iştirakçılarına məlumat verib. Layihədə KİV-in inkişafı ilə bağlı müxtəlif tədbirlər nəzərdə tutulub. İqtisadçı İnqilab Əhmədov çıxışında bildirib ki, proqramda təklif olunan məsələlər Azərbaycan reallığına uyğun olmalıdır. Hakimiyyətin iqtisadi siyasətində ümumi tendensiyanın güzəşt və istisnaları azaltmaq olduğunu bildirən natiq hesab edir ki, layihədə güzəştlərlə bağlı məqamlar kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyanı Müdafiə Fondunun rəhbəri Əliməmməd Nuriyev layihədə proqramın məqsədinin aydın şəkildə ifadə edilmədiyini, vəzifələrin konkret göstərilmədiyini, mətbuatın problemlərinin səbəblərinin qeyd olunmadığını deyib: “Bu layihədə proqramın müddəti də göstərilməlidir. Bundan başqa, KİV-də çalışan şəxslər və jurnalistlərlə bağlı heç bir güzəşt nəzərdə tutulmayıb. Bu proqram qəbul olunsa belə, yenə jurnalistlər köməksiz vəziyyətdə qalacaqlar”. İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu mətbuat işçilərinin problemlərinin qabardılmasının vacibliyini vurğulasa da, həm mətbuatın, həm də jurnalistlərin problemlərini bir proqramda ümumiləşdirməyin çətinliyinə diqqət çəkib. Onun fikrincə, jurnalistlərlə bağlı problemlər ayrıca layihə halında hazırlana bilər. Q. İbadoğlunun sözlərinə görə, mətbuatın xərclərinin sıfıra endirilməsi mümkün deyil, buna görə də gəlirlərin artırılmasına çalışmaq lazımdır. “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov isə bildirib ki, hazırlanmış sənəd nə qanun layihəsidir, nə də dövlət proqramı. O, sənədin mükəmməl işlənilməsinə tərəfdar olduğunu deyib və bunun üçün xüsusi komissiya yaradılmasını təklif edib. “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev dövlət yardımları ilə mətbuatın problemlərinin birdəfəlik həllinin mümkün olmadığını söyləyib: “Bir neçə dəfə belə yardımlar olub, amma nəticə yoxdur. Ona görə də bu formada tədbirlərin həyata keçirilməsi xeyirli deyil”. APA İnformasiya Agentliyinin direktoru Vüsalə Mahirqızı da dövlət proqramının hazırlanmasını müsbət qiymətləndirib. KİV-lərin dövlət büdcəsindən maliyyə almasına tərəfdar olmadığını bildirən V. Mahirqızının sözlərinə görə, müstəqil mətbuat orqanları maliyyə problemlərini reklam bazarı vasitəsilə həll etməlidirlər: “Mətbuata fərdi qaydada yardımların verilməsi və borcların silinməsi problemləri həll etməyəcək”. APA-nın direktoru layihədə faizsiz kreditlərin verilməsi ilə bağlı təklifi dəstəkləyib və proqramın təkmilləşdirilməsi üçün işçi qrupu yaradılmasını təklif edib.
Toplantının sonunda irəli sürülən təkliflərin dəyərləndirilməsi və layihənin yenidən işlənilməsi üçün komissiya yaradılması qərara alınıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR