Serbiyada Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert və fotosərgi keçirilib

Serbiyada Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsert və fotosərgi keçirilib
# 27 aprel 2013 20:07 (UTC +04:00)

Bakı-APA. Aprelin 26-da Azərbaycanın Serbiyadakı səfirliyi və Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə bu şəhərdə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq, tanınmış Azərbaycan, serb və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət konsert və Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi keçirilib.

Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, Belqrad şəhərinin “İvo Lola Ribar” mədəni-bədii özfəaliyyət cəmiyyətinin konsert salonunda təşkil edilmiş tədbirdə Serbiyanın dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ölkə parlamentində fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri, ölkədə akkreditə olunmuş xarici ölkələrin səfirləri və diplomatik korpusun üzvləri, tanınmış musiqiçilər və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan ticarət-iqtisadi Palatasının rəhbərliyi və üzvləri, Serbiyada çalışan, yaşayan və təhsil alan azərbaycanlılar, KİV nümayəndələri iştirak edib.

Qonaqlar Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Novi Sad şəhərinin İncəsənət Akademiyasının professoru Zərifə Əlizadə çıxış edərək, rəhbərlik etdiyi Mərkəzin fəaliyyətindən bəhs edib.

Daha sonra Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin müşaviri Cavanşir Məcidov çıxış edərək, Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edib. Daha sonra o, 1970-1980-ci illərdə dəfələrlə SSRİ-də, o cümlədən bir neçə dəfə Azərbaycanda səfərdə olmuş və Heydər Əliyevnən və onun ailə üzvləri ilə şəxsən tanış olan tanınmış serb müğənnisi və mədəniyyət xadimi Radmila Karaklaiçi səhnəyə dəvət edərək, xatirələrini tədbir iştirakçıları ilə bölüşməyi ondan xahiş edib.

Azərbaycanda son dəfə 1984-cü ildə olduğunu xatırlayan xanım R.Karaklaiç, böyük qonaqpərvərliyi ilə seçilən ölkəmiz və xalqımız haqqında xoş sözlər söyləyərək, Heydər Əliyev və onun ailə üzvləri ilə tanışlığı və görüş xatirələri barədə məlumat verib. O, Bakıdakı konsert çıxışlarından birindən sonra Heydər Əliyevin ailəsi tərəfindən nahara dəvət edildiyini söyləyib, bir müddət sonra isə onların dəvəti ilə Moskva şəhərində Heydər Əliyevin özü ilə də tanış olduğunu məmnunluqla xatırlayaraq, Əliyevlər ailəsinin onun qəlbində səmimi, mədəniyyət və incəsənətə dəyər verməyi bacaran bir insanlar kimi dərin iz qoyduğunu vurğulayıb.

Daha sonra tədbir iştirakçıları Belqrad şəhərinin “Lola klasik” orkestri və Novi Sad şəhərinin İncəsənət Akademiyasının “Üzeyir Hacıbəyli təqaüdü”nə layiq görülən tələbələrinin ifasında tanınmış Azərbaycan, serb və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət konsert başlanıb.

Tədbirin sonunda iştirakçılara Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyi tərəfindən serb dilinə tərcümə olunaraq nəşr etdirilmiş “Görkəmli şəxsiyyətlərin həyatı” silsiləsindən Heydər Əliyevə həsr olunmuş kitab və xüsusi olaraq onun 90 illik yubileyi ilə əlaqədar dərc etdirilmiş “Dünya liderləri Heydər Əliyev haqqında” kitabçası paylanıb.

Tədbir Serbiya mətbuatında geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR