Azərbaycanda 88 özəl tibb müəssisənin qanunsuz fəaliyyətlə məşğul olduğu aşkarlanıb

Azərbaycanda 88 özəl tibb müəssisənin qanunsuz fəaliyyətlə məşğul olduğu aşkarlanıb
# 05 mart 2015 16:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Səhiyyənin strukturunda xüsusi çəkisi getdikcə artan özəl səhiyyə sektorunun fəaliyyəti də diqqət mərkəzində olub.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin Milli Məclisə təqdim etdiyi səhiyyə ilə bağlı illik hesabatında bildirilir.

Qeyd olunur ki, hazırda respublika üzrə 627 özəl tibb müəssisəsi və kabineti fəaliyyət göstərir. Bu müəssisələrdə əhaliyə tibbi xidmətin göstərilməsi üçün yaradılan şərait və xidmətin keyfiyyəti Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq araşdırılır. Tibb fəaliyyətinin lisenziyalaşdırılması sahəsinə nəzarətin gücləndirilməsi nəticəsində il ərzində 88 qanunsuz tibb fəaliyyəti ilə məşğul olma faktları aşkar olunub, 75 halda cərimə tətbiq edilib, 5 halda lisenziyanın fəaliyyətinin dayandırılması və 5 halda lisenziyanın ləğv edilməsi kimi tədbirlər görülüb.

Hesabatda qeyd olunub ki, hazırda respublikanın tibb müəssisələrində 32 400 həkim çalışır. Əhalinin hər 10 min nəfərinə 34,7 həkim düşür ki, bu da ümumi Avropa göstəricilərinə uyğundur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR