Azərbaycan paytaxtında daha bir sərnişin avtobusu aşıb, 15 nəfər yaralanıb

Azərbaycan paytaxtında daha bir sərnişin avtobusu aşıb, 15 nəfər yaralanıb
# 18 aprel 2013 15:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda daha bir avtobus qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün saat 17.00 radələrində Bakı Dairəvi Yolunda qeydə alınıb. “Sədərək” ticarət mərkəzi istiqamətində hərəkət edən 211 saylı xətt avtobusu idarəetməni itirərək aşıb. Nəticədə avtobusda olan sərnişinlərdən 15 nəfər xəsarət alıb.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından APA-ya bildirilib ki, baş verən qəza ilə bağlı onlara 10 nəfər müraciət edib. Onların hamısı xəstəxanaya yerləşdiriliblər.

Hazırda hadisə yerində araşdırma aparılır.

Qeyd edək ki, bu, 24 saat ərzində paytaxtda baş verən sayca üçüncü avtobus qəzasıdır.

Dünən axşam metronun “Koroğlu” stasiyası yaxınlığındakı avtomobil dairəsindən Sabunçu rayonu istiqamətində hərəkətdə olan sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş verib.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, zəncirvari yol qəzası nəticəsində 189 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu, “KamAZ” markalı yük maşını, iki “Mercedes” və bir “VAZ 21015” markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində 6 nəfər ağır yaralanıb.

İkinci hadisə isə bu gün günorta saatlarında Bayıl qəsəbəsində qeydə alınıb. 88 və 147 saylı xətt avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb, onlardan 7 nəfərin vəziyyəti ağırdır. Ümumilikdə son 24 saat ərzində paytaxtda baş verən avtobus qəzalarında 31 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR