Sergey Lavrov: “Suriya müxalifəti yenidən kimyəvi silahdan istifadə edə bilər”

Sergey Lavrov: “Suriya müxalifəti yenidən kimyəvi silahdan istifadə edə bilər”
# 30 sentyabr 2013 14:37 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “BMT Təhlükəsizlik Şurasının qərarına baxmayaraq, Suriyanın müxalif qüvvələri yenidən kimyəvi silahdan istifadə edə bilər”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Rusiyanın Suriya müxalifətinin kimyəvi silahlardan istifadə etməyi davam etdirəcəyinə dair ciddi narahatlığı var. Suriyada avqustun 21-də kimyəvi silahın hökumət qüvvələri tərəfindən tətbiqi ilə bağlı ABŞ-ın əlində sübut olması haqda sualı cavablandıran Rusiya XİN başçısı bunları söyləyib: “Onlar bizə sübutları vermədilər. Biz isə hökumət və müstəqil mənbələrdən əldə etdiyimiz və kimyəvi silahın müxalif qüvvələr tərəfindən tətbiq olunmasına dair dəlil-sübutları onlara təqdim etdik”.

S. Lavrov BMT Təhlükəsizlik Şurasının iclasında mövzunu geniş şəkildə müzakirə etdiklərini söyləyib: “Suriyada müxalifətə maddi, siyasi və hərbi dəstək verənlər kimyəvi silahların yanlış adamların əlinə keçməməsi barədə məsuliyyət daşıyırlar. Yeni qəbul edilən BMT qətnaməsinə görə hökumət, ya da müxalifət kimyəvi silahdan istifadə etdiyi təqdirdə obyektiv araşdırma aparılacaq və bundan sonra 7-ci maddə çərçivəsində qərar qəbul olunacaq. Biz bir daha 21 avqust hadisəsinin hökumət tərəfindən törədildiyi iddialarında olduğu kimi, qeyri-peşəkar söz-söhbətləri qəbul etməyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR