Azərbaycan hərbçiləri bir sıra tədbirlərdə iştirak edəcəklər

Azərbaycan hərbçiləri bir sıra tədbirlərdə iştirak edəcəklər
# 01 noyabr 2013 12:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan hərbçiləri bir sıra tədbirlərdə iştirak edəcəklər. Bu barədə APA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Noyabrın 4-dən 6-dək Bakıda səhra hospitalları sahəsində Fransanın təcrübəsi mövzusunda seminar, noyabrın 4-dən 15-dək Türkiyənin Ankara şəhərində «Silahlı münaqişə hüququ» kursu, Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən noyabrın 4-dən dekabrın 13-dək Çexiyanın Vışkov şəhərində «Çoxmillətli sülhü dəstəkləmə əməliyyatları üzrə təlimatçı hazırığı» kursu, noyabrın 25-dən dekabrın 6-dək Sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirliməsi üzrə təlim kursu, noyabrın 6-da Belçikanın paytaxtı Brüsseldə "Əməliyyatlara cəlb olunmuş qüvvələrin terror aktlarından qorunması" mövzusunda konfrans, noyabrın 7 və 8-də Türkmənistanın paytaxtı Aşqabadda "Dəniz təhlükəsizliyinin təmin edilməsi mexanizmləri" mövzusunda tədbir keçiriləcək.

Azərbaycan hərbçiləri, həmçinin noyabrın 12-dən 14-dək Danimarkanın paytaxtı Kopenhagen şəhərində Hərb elmləri üzrə beynəlxalq cəmiyyətin 5-ci simpoziumuna, noyabrın 12-dən 15-dək İsveçin paytaxtı Stokholm şəhərində "Birgə təhlükəsizlik və müdafiə siyasəti" mövzusunda seminara, noyabrın 18-dən 28-dək "Avropada təhlükəsizlik siyasəti" kursuna, noyabrın 12-dən 18-dək İspaniyanın paytaxtı Madrid şəhərində NATO-nun silahlar üzrə kəşfiyyat qrupunun təliminə, noyabrın 18-dən 29-dək Türkiyədə «Dəniz təhlükəsizliyi və piratlığa qarşı mübarizə» kursuna qatılacaqlar.

Azərbaycan-Tacikistan hərbi əməkdaşlıq Planı çərçivəsində Tacikstan Müdafiə Nazirliyinin nümayəndə heyəti noyabrın 14-dən 16-dək hərbi təhsil sistemi və hərbi tədris müəssisələrinin fəaliyyəti, Tacikistan kursantlarının təhsilinin gedişi, hərbi intizamı və yaşayış şəraiti ilə tanışlıq, sülhməramlı əməliyyatlar sahəsində təcrübə mübadiləsi aparmaq üçün Bakıda səfərdə olacaqlar. Bununla yanaşı Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq planına əsasən, noyabrın 19-dan 21-dək Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində onlar Silahlı Qüvvələrin Hərbi Akademiyasını ziyarət edəcəklər.

Azərbaycan-Gürcüstan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan hərbçiləri noyabrın 4-dən 7-dək Tiflis şəhərində səfərdə olacaq. Bu səfər çərçivəsində hərbi-texniki məsələlər üzrə təcrübə mübadiləsi aparılacaq. Gürcüstan Silahlı Qüvvələrinin nümayəndələri isə noyabrın 26-da beynəlxalq sülhməramlı missiyalar üçün döyüş bölmələrinin hazırlanması üzrə təcrübə mübadiləsi üçün Bakıya iki günlük səfər edəcəklər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR