“Akkord” Korporasiyası iki mühüm beynəlxalq təşkilata üzv seçilib

“Akkord” Korporasiyası iki mühüm beynəlxalq təşkilata üzv seçilib
# 31 may 2013 12:12 (UTC +04:00)

Bakı – APA-Economics. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Beynəlxalq Tunellər Assosiasiyasına (ITA) və Dünya Yol Assosiasiyasına (PIARC) üzv seçilib.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, “Akkord” Korporasiyası Cənubi Qafqaz regionundan bu təşkilatlara korporativ üzv seçilən birinci və yeganə özəl şirkətdir.

Qeyd edək ki, ITA 1974-cü ildə 19 ölkə tərəfindən təsis edilmiş, ictimai rifah və dayanaqlı inkişaf naminə tunellərin və ümumiyyətlə yeraltı infrastrukturun planlaması, layihələndirilməsi, tikintisi, saxlanılması və təhlükəsizliyin qorunması sahəsində araşdırmalar, tədqiqatlar aparan, məlumatları toplayıb təhlil edən, eləcə də bu sahədə müxtəlif səmərəli təşəbbüslər irəli sürən ixtisaslaşmış beynəlxalq təşkilatdır. Hazırda ITA 64 ölkə üzvü və 310 korporativ üzvü var. Korporativ üzvlər tunellərin və digər yeraltı infrastrukturun layihələndirilməsi və tikintisi sahəsində dünyanın aparıcı şirkətlərindən ibarətdir.

Xatırladaq ki, “Akkord” Korporasiyası Azərbaycanda və fəaliyyət göstərdiyi digər ölkələrdə həm bir sıra avtomobil yolu tunellərinin, həm də yeraltı su-kanalizasiya sistemlərinin tikintisində zəngin təcrübəyə malikdir. Bundan əlavə, tunelçilik sahəsində dünyanın aparıcı şirkəti sayılan Fransanın “Bouygues” şirkəti Bakı Metropolitenin genişlənməsi layihəsində iştirak etmək məqsədilə “Akkord” ilə birgə müəssisə təsis edib.

Dünya Yol Assosiasiyası (PIARC) isə 1909-cu ildən fəaliyyət göstərir. Assosiasiya yol infrastrukturu və nəqliyyatı sahəsində biliklərin və təcrübələrin bölünməsi üzrə qlobal platformadır. PIARC korporativ üzvlərlə yanaşı, 120 ölkəni təşkilatın üzvləri kimi birləşdirir, BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malikdir.

“Akkord” Korporasiyası ITA və PIARC üzv seçilməklə beynəlxalq əlaqələrini və əməkdaşlığı gücləndirmək, Azərbaycan şirkəti olaraq hər iki assosiasiyanın işinə öz töhfəsini vermək imkanı qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR