2014-2015-ci tədris ili üçün VII və VIII siniflərin yeni dərslik komplektlərinin hazırlanmasına başlanıb

2014-2015-ci tədris ili üçün VII və VIII siniflərin yeni dərslik komplektlərinin hazırlanmasına başlanıb
# 30 dekabr 2013 10:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. 2013-2014-cü dərs ili üçün I, II, IV, V, VI, VIII, IX və X siniflər üçün 146 adda 4 022 150 nüsxə dərslik və dərslik komplektləri çap edilib və yerlərə çatdırılıb.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin 2013-cü ildə təhsil sahəsində həyata keçirilmiş ən mühüm islahatlar, tədbirlər və yeniliklər barədə yekun hesabatında qeyd olunub ki, VI sinif dərslikləri ilk dəfə olaraq kurikulum əsasında hazırlanıb. Digər dərsliklər isə əvvəlki nəşrlər üzərində redaktə işi aparılmaqla çap olunub.

Təhsil Nazirliyində əvvəlki illərdən fərqli olaraq, qarşıdakı illərdə ümumtəhsil məktəb dərsliklərinin 1 il sınaqdan keçirilməklə tədrisdə istifadəyə verilməsi qərara alınıb. Bu yanaşma dərsliklərin keyfiyyətinin yüksəldilməsinə, dərsliklərdə çatışmazlıqların minimuma endirilməsinə, dərslik yaradıcılığına müəllif potensialının aktiv cəlb olunmasına kömək edəcək. Bu sahədə ilk addım olaraq hər il iki sinif üzrə dərsliklərin hazırlanmasına başlanılıb. Artıq 2014-2015-ci tədris ilinə kurikulum əsasında VII və VIII siniflərin yeni dərslik komplektlərinin hazırlanması prosesinə başlanılıb. VII siniflərin dərslik komplektləri növbəti tədris ilinin əvvəlinə kimi çap olunaraq ümumtəhsil məktəblərinə çatdırılacaq. VIII siniflər üçün hazırlanan dərsliklərin məhdud sayda çap edilərək 1 il seçilmiş məktəblərdə pilot layihə kimi sınaqdan keçirilməsi və sonra bütün məktəblərə verilməsi nəzərdə tutulur. Bu mexanizmin qarşıdakı illərdə də davam etdirilməsi planlaşdırılır. Dərslik müəlliflərinin peşəkarlığını artırmaq və müəlliflik iddiasında olan mütəxəssisləri dərslik yaradıcılığına aktiv təşviq etməkdən ötrü təlim kurslarının keçirilməsi də nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR