Azərbaycanda RSI indeksi azalıb

Azərbaycanda RSI indeksi azalıb
# 18 sentyabr 2013 10:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2013-cü ilin avqust ayı üzrə 98,3% təşkil edib. «APA-Economics» tərəfindən Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici iyul ayına nisbətən 1,9 faiz bəndi azalıb.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin avqust ayında ümumi pərakəndə dövriyyəsi 1 556,8 mln. manat, iyulda isə 1 583,6 mln. manat təşkil edib.

Göründüyü kimi, azalma ilə yanaşı indeks həm də 100%-dən aşağı enib. İndeksin 100%-dən az olması avqust ayında pərakəndə ticarətin həcminin iyula nisbətən azaldığını göstərir. Qeyd edək ki, avqustda pərakəndə ticarətin dəyərinin azalmasında qiymət amili də müəyyən rol oynayıb. Belə ki, avqust ayında ərzaq malları üzrə 0,8% aylıq deflyasiya müşahidə olunub.

Ümumilikdə, bu ilin yanvar-avqust ayları ərzində pərakəndə ticarətin həcmi 12,208 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 9,4% çoxdur. Bundan əlavə, 2012-ci il ərzində orta aylıq pərakəndə ticarətin dövriyyəsi 1,463 mlrd. manata bərabər olduğu halda, 2013-cü ilin 8 ayı üzrə bu göstərici 1,526 mlrd. manat təşkil edib. Beləliklə, həmin göstərici üzrə 4,3%-lik artım müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR