Norveçin «Norveç Humanitar Müəssisəsi» beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub

Norveçin «Norveç Humanitar Müəssisəsi» beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub
# 03 iyul 2014 14:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıdloğlu - APA. Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Norveçin «Norveç Humanitar Müəssisəsi» beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunmuş Nil Villiamsı qəbul edib.

APA-nın verdiyi məlumata görə, Ə.Həsənov N.Villiamsona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Ə.Həsənov onun rəhbər təyin edilməmişdən əvvəl uzun müddət bu təşkilatda çalışdığını və qazandığı təcrübəni nəzərə alaraq, hökumətlə şəffaf əməkdaşlıq şəraitində, Azərbaycanın milli qanunvericiliyinə və qurumun baş ofisinin nizamnaməsinə uyğun şəkildə çalışacağına əminliyini bildirib. Ə.Həsənov görüşdə mühüm əhəmiyyət kəsb edən layihələrin - qaçqın və məcburi köçkünlərin reabilitasiyası, məşğulluğu, onlar arasında təhsilin, səhiyyə xidmətinin yaxşılaşdırılması, əmək vərdişlərinin bərpası və sair kimi layihələrin həyata keçirilməsinin vacibliyini önə çəkib, bunlarla bağlı müəyyən tövsiyələrini verib. Azərbaycan dövlətinin bu gün qaçqın və məcburi köçkünlərimizin problemlərinin həllini tam öz üzərinə götürdüyünü diqqətə çatdıran Ə.Həsənov buna baxmayaraq, ölkədə çalışan beynəlxalq humanitar təşkilatların fəaliyyətini davam etdirməsinin iqtisadi baxımdan daha çox siyasi əhəmiyyət daşıdığını önə çəkib. Onun sözlərinə görə, bütün bunlar bu sahədə milli kadrların yetişdirilməsində və formalaşmasında, ən başlıcası isə problemin bu gün də həll olunmamış qaldığının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm önəm daşıyır.

N.Villiams əmin edib ki, Azərbaycandakı qaçqın və məcburi köçkünlərin, aztəminatlı əhalinin müəyyən problemlərinin həllinə kömək göstərmək üçün bütün imkanlardan istifadə edərək rəhbərlik etdiyi qurumun şəffaf və məqsədyönlü fəaliyyəti üçün nəzərdə tutulan layihələrin uğurla həyata keçirilməsinə çalışacaq. O qeyd edib ki, bu məqsədlə müxtəlif təlim və konfransların həyata keçirilməsi, müvafiq proqram çərçivəsində iyul-avqust ayları ərzində qaçqın və məcburi köçkünlər üçün salınmış ərazilərdə ehtiyacların qiymətləndirilməsi və yeni layihə təşkili sahəsində araşdırılmalar aparılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR