Azərbaycan hökuməti idxal mallarının mənşəyinin müəyyən edilməsi qaydalarını təsdiqləyib

Azərbaycan hökuməti idxal mallarının mənşəyinin müəyyən edilməsi qaydalarını təsdiqləyib
# 27 yanvar 2014 12:13 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, qaydalara əsasən, hər hansı ölkədə tam istehsal olunmuş malların siyahısı müəyyənləşib.

Bura həmin ölkəyə aid olan yerin təkindən, onun dəniz ərazisindən (ölkənin digər su hövzələrindən) və ya onun dibindən, yaxud həmin ölkə ərazisindəki atmosfer havasından hasil edilmiş təbii ehtiyatlar (faydalı qazıntılar və mineral məhsullar, su, torpaq və hava resursları), bu ölkədə becərilmiş və ya yığılmış bitki mənşəli məhsullar (bütün bitki mənşəli məhsullar, həmçinin meyvələr, tərəvəzlər, ağaclar, dəniz bitkiləri, göbələklər), həmin ölkədə doğulmuş və bəslənilmiş heyvanlar (bütün diri heyvanlar, həmçinin məməlilər, quşlar, xərçəngkimilər, sürünənlər, bakteriyalar və viruslar), bəslənilmiş heyvanlardan əldə olunan məhsullar (sonrakı emala məruz qalmayan diri heyvanlardan alınan məhsullar, həmçinin süd, yumurta, arı balı, tük, yun, toxum və üzvi gübrələr), həmin ölkədə əldə olunan ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları, həmin ölkənin gəmiləri və ya onun icarəyə (fraxta) götürdüyü gəmilər vasitəsilə əldə olunan dəniz məhsulları, dəniz dibinin və ya dəniz təkinin istismarına həmin ölkənin müstəsna hüquqa malik olması şərtilə, həmin ölkənin ərazi dənizi hüdudlarından kənarda dənizin dibindən və dənizin təkindən əldə olunan məhsullar daxildir.

Bu siyahıda həmin ölkəyə məxsus və ya onun tərəfindən icarəyə götürülmüş kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış yüksək texnologiya məhsulları. istehsalat və ya təkrar emal üzrə digər əməliyyatlar nəticəsində əldə olunan tullantılar və qırıntılar (təkrar xammal), həmçinin həmin ölkədə yığılmış, istifadə olunmuş və yalnız xammala təkrar emal edilmək üçün yararlı hesab edilən məmulatlar (sənaye, kimya, emal, kənd təsərrüfatı emalı, tikinti işləri) da yer alıb.

İstehsalında iki və daha çox ölkə iştirak etdiyi halda, malın mənşə ölkəsi kifayət qədər emal meyarı əsasında müəyyən olunur. Məhsul dəstlərinin mənşəyinin müəyyən edilməsi zamanı dəstin tərkibinə daxil edilmiş hər bir ayrı-ayrı elementə kifayət qədər emal meyarının tətbiqi obyekti kimi baxılır. Malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına müvafiq olaraq, bir neçə maldan və ya hissələrdən yığılmış vahid mal kimi təsnif edilən məhsula kifayət qədər emal meyarının tətbiq edildiyi vahid mal kimi baxılır.

Gömrük orqanları aşağıdakı hallarda malların gömrük bəyannaməsində göstərilən mənşə ölkəsini təsdiq edən sertifikatın təqdim olunmasını bəyannaməçidən tələb etməlidir:

- mənşəyi gömrük tarifinə görə Azərbaycanın imtiyaz verdiyi ölkələrdən olan mallar olduqda;

- müəyyən ölkədən gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallar olduqda;

- Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda.

Sertifikat bir mal partiyası üçün qüvvədədir. Sertifikatın qüvvədə olma müddəti onun verildiyi gündən etibarən 1 ildir. Azərbaycan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, malları Azərbaycan ərazisinə buraxılmayan ölkəyə mənsub mallar olmasını təsdiq edən kifayət qədər əsaslar olduqda, gömrük orqanı həmin malların buraxılmasından imtina etməlidir. Tələb olunan qaydada rəsmiləşdirilməmiş sertifikatın və ya malın mənşəyi haqqında məlumatın təqdim edilməməsi malın gömrük sərhədindən buraxılmasından imtina edilməsi üçün əsas ola bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR