Sabir Rüstəmxanlı: “Bir-birini təkrarlayan müxalif qurumların adlarını dəyişməklə heç nəyə nail olmaq olmaz”

Sabir Rüstəmxanlı: “Bir-birini təkrarlayan müxalif qurumların adlarını dəyişməklə heç nəyə nail olmaq olmaz”
# 08 may 2013 10:06 (UTC +04:00)

Bu açıqlamanı APA-ya Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı verib.

S. Rüstəmxanlı Milli Şura ideyası ilə bağlı onlara da müəyyən təklif gəldiyini, lakin bu barədə hələlik bir qərar qəbul etmədiyini bildirib: “Çünki biri-birini təkrarlayan, əslində bir-birindən az fərqlənən belə qurumların yaranmasına o qədər müsbət yanaşmıram, Hazırda daha çox müxalifəti real gücə çevirə biləcək birliyə ehtiyac var. Bu gün Azərbaycanda müxalifətin və milli demokratik qüvvələrin birliyinə ehtiyac var. Elə bir birliyə ehtiyac var ki, o ölkədəki vəziyyətin dəyişməsinə təsir göstərə bilsin. Yeni bir adla ümid verib, sonra da ümidləri puça çıxaran qurumlara ehtiyac yoxdur. Ona görə də bu məsələdə son dərəcə ehtiyatlı olmaq lazımdır”.

Partiya sədri qeyd edib ki, Milli Şuranın real gücünü, real təsir mexanizmlərini görmək lazımdır: “Milli Şura əgər cəmiyyətin bütün təbəqələrini əhatə etsə, o zaman doğurdan da gücə çevrilə bilər. Bu gün Azərbaycanda vəziyyəti ayrı-ayrı ziyalıların, partiyaların birlikləri ilə dəyişmək bir az çətindir. Yalnız kütləni arxasınca aparan, böyük güc mərkəzi formalaşdıra bilən qurumlar real nəticə verə bilər. Adları dəyişməklə heç nəyə nail olmaq olmaz. Bütün hallarda mən tanınmış ziyalılarımızın bu mübarizəyə qoşulmasına müsbət baxıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR