«Statoil» şirkətinin Azərbaycandakı rəhbəri dəyişib

«Statoil» şirkətinin Azərbaycandakı rəhbəri dəyişib
# 25 iyun 2013 13:52 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. İyulun 1-dən etibarən Azərbaycanda «Statoil» şirkətinə yeni prezident rəhbərlik edəcək. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, gələn aydan etibarən Tanqi Kosmao (Tanguy Cosmao) şirkətdə prezident vəzifəsinin icrasına başlayacaq.

Məlumatda bildirilir ki, T.Kosmao 2010-cu ildən Bakıda yaşayır və regional inkişaf üzrə vitse-prezident kimi «Azəri-Çıraq-Günəşli» HPBS və Bakı-Tbilisi-Ceyhan boru kəmərində «Statoil» şirkətinin iştirakını təşkil edir. T.Kosmao «Statoil» beynəlxalq kəşfiyyat və hasilat şirkətinin öncə Stavanger şəhərində, sonra isə Londonda yerləşən ofisinə 2006-cı ildə daxil olub və Şimali Afrika bölgəsində biznesin inkişafına cavabdeh olub. «Statoil» şirkətinə qəbul olunmazdan əvvəl T.Kosmao 20 ilə yaxın əsasən Türkiyə, Cənubi Koreya, Anqola və Fransada «Buiq Ofşor» və «Saipem» layihələrində bir çox idarəedici vəzifələrdə çalışıb. O, ABŞ-ın Çikaqo ştatının Şimal-Qərb Universitetində mülki mühəndislik və geotexnika və Fransanın Qrenobl şəhərinin Milli Politexnik İnstitutunda mülki mühəndislik ixtisasları üzrə magistr dərəcələri alıb.

Xatırladaq ki, «Statoil» 36 ölkədə fəaliyyət göstərən beynəlxalq enerji şirkətidir. Mərkəzi ofisi Norveçdə yerləşən və Nyu-York və Oslo fond birjalarının siyahılarına daxil olan «Statoil»un dünyada 20 000 işçisi var.

«Statoil» Azərbaycanda 1992-ci ildə işə başlayıb. O, Azərbaycanda fəaliyyət göstərən ikinci ən iri xarici sərmayə şirkətidir. «Statoil» Azərbaycana 5 mlrd. ABŞ dollarından artıq sərmayə yatırıb. Şirkət 8,56% payla «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlarının neft hasilatında, 25,5% payla «Şahdəniz» qaz yatağının işlənməsində təmsil olunur, müvafiq olaraq, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənubi Qafqaz Boru Kəmərində (CQBK) pay sahibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR