Azərbaycan prezidenti Biləsuvarda səfərdədir - YENİLƏNİB

Azərbaycan prezidenti Biləsuvarda səfərdədir - <span style="color: red;">YENİLƏNİB
# 04 sentyabr 2013 12:19 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev yeni salınan Heydər Əliyev Parkında görülmüş işlər barədə prezident İlham Əliyevə məlumat verib. Ümumi sahəsi 2 hektar olan parkda genişmiqyaslı yaşıllaşdırma işləri görülüb, 4 müasir fəvvarə kompleksi tikilib, işıqlandırma sistemi quraşdırılıb, Bayraq Kompleksi inşa olunub.

Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsi mərasimində iştirak edib. Dövlət başçısı əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, əlamətdar hadisə münasibətilə onları təbrik edib.

Rayon Mərkəzi Xəstəxanasının həkimi Xoşbəxt Ağayeva ölkənin bütün başqa rayonları kimi, Biləsuvarın da inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını çatdırıb.

Sonra prezident İlham Əliyev Biləsuvar şəhərinin su təchizatı sisteminin, Şirvan-Muğan qrup su kəmərinin baş planları və texniki göstəricilərini əks etdirən stendlərə baxıb. Layihə barədə məlumat verən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib ki, Biləsuvar şəhəri içməli su ilə Araz çayından çəkilən “Cənub” kanalından təmin olunub. Şəhərdə sutəmizləyici qurğu olmadığından kanal suyu çökdürülərək əhaliyə verilib. Şəhərin 21 min sakininin təxminən 50 faizinə yerli Sukanal İdarəsi tərəfindən xidmət göstərilib. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyib. Şəhər əhalisinə içməli su həftənin 5 günü cədvəl üzrə 7-8 saat ərzində verilib. İstismarda olan su xətləri isə yararsız vəziyyətdə idi. Kanalizasiya sistemi ümumiyyətlə olmayıb.

Sonra dövlət başçısına “Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi haqqında məlumat verilib. Qeyd olunub ki, layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihəyə əsasən Biləsuvar şəhərinə içməli su yeni mənbədən – Şirvan-Muğan qrup su kəmərindən verilir. Bu məqsədlə Salyan şəhəri yaxınlığındakı anbardan 57 kilometr uzunluğunda özüaxımlı magistral su kəməri çəkilib. Biləsuvar şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün ümumi tutumu 10 min kubmetr olan iki su anbarı tikilib. Yeni layihəyə əsasən şəhərə saniyədə 158 litr su veriləcək ki, bu da istehlakçıların tələbatını tam ödəyəcək. Biləsuvar şəhərində 89 kilometrlik paylayıcı su şəbəkəsində işlər tam yekunlaşıb, 4430 ünvanın hamısı yeni şəbəkəyə qoşulub. Layihəyə uyğun olaraq Biləsuvar şəhərində ilk dəfə kanalizasiya şəbəkəsi yaradılır. 88 kilometr kanalizasiya şəbəkəsinin 70 kilometrlik hissəsinin tikintisi başa çatıb, 3 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun tikintisi davam etdirilir. Tullantı suları şəhərin kənarında tikiləcək çirkab sutəmizləyici qurğuya ötürüləcək. İcrasına 2011-ci ilin oktyabrında başlanan və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihə 2014-cü ildə tam başa çatdırılacaq. Biləsuvar şəhərini içməli su ilə təmin edən Şirvan-Muğan qrup su kəməri rayonun 24 kəndini də içməli su ilə təmin edəcək.

Prezident İlham Əliyevə Şirvan-Muğan qrup su kəməri haqqında da məlumat verilib. Kəmərin təməli 2012-ci il iyulun 16-da prezident İlham Əliyev tərəfindən qoyulub. Kür və Bakı su kəmərləri ilə nəql edilən suyun bir hissəsi Şirvan-Muğan qrup su kəməri vasitəsilə Hacıqabul, Şirvan, Salyan, Neftçala və Biləsuvar şəhərlərinin, həmçinin həmin rayonların 121 kəndinin tələbatının ödənilməsinə imkan verəcək. Kəmərin istismara verilməsi ilə 470 min əhali fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunacaq. Artıq 2013-cü ilin aprelindən Hacıqabul, iyulundan isə Şirvan şəhərinə bu kəmər vasitəsilə su verilir.


Layihələrlə tanışlıqdan sonra Prezident İlham Əliyev Biləsuvar şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb. Sonda xatirə şəkli çəkdirilib.

Azərbaycan prezidenti Biləsuvara səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. İkimərtəbəli binada 15 iş otağı var. Otaqlar zəruri inventar və avadanlıqla təchiz olunub. Binanın foyesində Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin büstü qoyulub. Burada Heydər Əliyevin və prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət stend yaradılıb. Binanın 40 nəfərlik akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.


YAP-ın Biləsuvar rayon təşkilatı 1993-cü ilin yanvarında 12 ilk ərazi təşkilatının iştirakı ilə yaradılıb. Hazırda YAP Biləsuvar rayon təşkilatının 68 ilk ərazi təşkilatı və 4 min 440 üzvü vardır. Təşkilat üzvlərinin 27 faizini qadınlar, 35 faizini gənclər təşkil edir. Onlar rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.


Yeni bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

Azərbaycan prezidenti İlham Əliyev Biləsuvarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib. Mərkəzin 28 otaqdan ibarət üçmərtəbəli binası bütün zəruri avadanlıqla təchiz edilib. Girişdə Mərkəz barədə bütün məlumatların əks olunduğu elektron köşk quraşdırılıb. Birinci mərtəbədə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Buradakı Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin müxtəlif dövrlərə aid fotoları 15 guşədə yerləşdirilib. Birinci mərtəbədə ümummilli liderin uşaqlıq, gənclik, tələbəlik illərinə, sovet dönəmi və müstəqillik illərində ölkəyə rəhbərlik etdiyi dövrlərə aid müxtəlif fotoları maraqla qarşılanır. Onların arasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə Biləsuvara səfərlərini əks etdirən çoxlu sayda fotoşəkillər və çap materialları da sərgilənir. Birinci mərtəbədə, həmçinin psixoloji məsləhət otağı, linqafon kabineti, rəqs studiyası fəaliyyət göstərir. Burada Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film fasiləsiz olaraq nümayiş etdiriləcək. İkinci mərtəbədə rəsm studiyası, şahmat dərnəyi, internet kafe, kompüter otağı, treninq zalı, kitabxana, 3D kinozalı vardır. Mərkəzdə, həmçinin fotostudiya, heykəltəraşlıq dərnəyi, poliqrafiya və dizayn studiyaları, virtual sinif, intellektual oyun otağı, xalçaçılıq dərnəyi fəaliyyət göstərəcək.

Mərkəzin böyük akt zalında rayonun ictimai-siyasi həyatında baş verən mühüm hadisələr və əlamətdar günlərlə bağlı tədbirləri yüksək səviyyədə keçirmək üçün hərtərəfli imkan yaradılıb.

Prezident İlham Əliyev Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR