İŞİD qüvvələri Suriya-İraq sərhədində yerləşən Əbu Kamal şəhərini ələ keçiriblər

İŞİD qüvvələri Suriya-İraq sərhədində yerləşən Əbu Kamal şəhərini ələ keçiriblər
# 02 iyul 2014 02:04 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata görə, İŞİD qüvvələri İraqdan gəlmiş əlavə silahlı dəstələrin köməyi ilə döyüşdə qələbə qazanmağa müvəffəq olub. “Əl Qaidə”nin Suriyadakı qolu sayılan “Cəbhət ən Nüsrə” qruplaşmasının silahlıları üzərində qələbə çalan İŞİD qüvvələri Deyr -əz-Zor əyalətində yerləşən Əbu Kamal şəhərini tam nəzarətə götürə biliblər.

Məlumata görə, döyüşlər hazırda Əbu Kamal şəhərindən 100 km şimalda, “Cəbhət ən Nüsrə” qruplaşmasının bazasının yerləşdiyi Şheyl şəhərində davam edir.

Qeyd edək ki, Cəbhət ən Nüsrə” silahlılarının bir qismi Əbu Kamal şəhərində “İŞİD”-ə sadiq qalacağına and içərək bu qruplaşmaya qatılıb. “Cəbhət ən Nüsrə” qruplaşmasının “İŞİD”-ə qarşı çıxan üzvləri isə Suriya üsyançıları ilə birləşərək “işidçi”lərə qarşı açıq mübarizəyə qalxıblar.

Xatırladaq ki, 2014-cü ilin fevralında “Əl Qaidə” komandanlığı “İŞİD” qruplaşmasını dəstəkləməkdən imtina edərək “Cəbhət ən Nüsrə” qruplaşmasını bölgədəki rəsmi qolu elan edib. Suriyada “İŞİD” və digər müxalif qruplaşmalar arasında qarşıdurma məhz bundan sonra başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR