“Dördlər finalı”nın Bakıda keçiriləcəyi həqiqət deyil”

“Dördlər finalı”nın Bakıda keçiriləcəyi həqiqət deyil”
# 13 noyabr 2013 07:52 (UTC +04:00)

Bakı – APA. “Dördlər finalı”nın Bakıda keçiriləcəyi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Hələ bu barədə dəqiq nəsə demək mümkün deyil”. Bunu apasport.az saytına açıqlamasında “Rabitə”nin idman direktoru İlqar İmamquliyev deyib.

O bildirib ki, Bakı təmsilçisi Çempionlar Liqasının həlledici mərhələsini paytaxtımızda keçirmək iddiasında olsa da, təşkilatçılığın onlara verilməsindən söhbət gedə bilməz: “Dördlər finalı”nın ev sahibi qrup mərhələsi başa çatdıqdan sonra bilinəcək. Daha doğrusu, buna dekabrın 19-da aydınlıq gələcək. Bir çox klub kimi “Rabitə” də təşkilatçılıqda maraqlıdır. Vaxtından öncə şəhərin adının açıqlanması isə məntiqəuyğun deyil. Biz də şansımızı gözləyirik. Hər şeyə yekun qərardan sonra aydınlıq gələcək”.

Klub rəsmisinin fikrincə, Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Meyerin Bakıya səfəri və “Bakı Kristal Hall”da olmasının “Rabitə”yə bağlılığı yoxdur: “Qurum başçısı Avropa Oyunları ilə bağlı ölkəmizə səfər etmişdi. Bu səbəbdən də 2015-ci ildə voleybol yarışlarının keçiriləcəyi məkanlarla tanış olurdu. Biz “Dördlər finalı” üçün istəyimizi irəli sürsək də, bunun nə dərəcədə reallaşması rəsmi qərardan asılı olacaq. Yəni, təşkilatçı ölkə CEV-in yığıncağında bilinəcək və ona da hələ müəyyən müddət var. Rəsmi şəkildə bildirirəm ki, “Rabitə”nin “Dördlər finalı”na ev sahibliyi hüququna yiyələnməsi kökündən yalandır”.

Qeyd edək ki, Çempionlar Liqasında çıxış edən Azərbaycan klubları arasında “Rabitə”nin reytinqi yüksək olduğundan yalnız bu hüquqa onlar yiyələnə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR