Azərbaycan Dövlət Neft Fondunun aktivləri 36 mlrd. dollara çatıb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 36 mlrd. dollara çatıb
# 28 yanvar 2014 12:09 (UTC +04:00)

Fonddan «APA-Economics»ə verilən məlumata görə, 2013-cü il ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 119,9 mln. manat, o cümlədən mənfəət neft və qazın satışından 13 108,0 mln. manat, akrhesabı ödənişlər 1,8 mln. manat, tranzit gəlirləri 8,1 mln. manat, bonus ödənişləri 1,9 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,1 mln. manat təşkil edib. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirləri 480,6 mln. manata bərabər olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 43,0 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində Neft Fondundan 11 350,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300,0 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 173,9 mln. manat vəsait ayrılıb. «Bakı-Tbilisi-Qars yeni dəmir yolu Layihəsi»nin maliyyələşdirilməsinə Fonddan 25,7 mln. manat vəsait ayrılıb, 33,0 mln. manat vəsait Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldilib. Bundan əlavə, Türkiyədə «Star» neft emalı kompleksinin tikintisinə 372,6 mln. manat vəsait ayrılıb. Ötən il ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 47,5 mln. manat təşkil edib.

Ötən il ərzində Fondun aktivləri 5,1% artaraq 2014-cü il yanvarın 1-nə 35 877,5 mln. ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, 2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 2014-cü ilin əvvəlinə Fond tərəfindən alınmış qızılın miqdarı 30 175 kq (970 146 troya unsiyası) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR