Gələn tədris ilindən Azərbaycanın ali məktəblərində müəllimlik ixtisasları üzrə yeni nəsil təhsil proqramları tətbiq ediləcək

Gələn tədris ilindən Azərbaycanın ali məktəblərində müəllimlik ixtisasları üzrə yeni nəsil təhsil proqramları tətbiq ediləcək
# 08 may 2014 15:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda bakalavriat səviyyəsi üzrə bütün ixtisaslar, o cümlədən təhsil ixtisasları qrupuna daxil olan müəllimlik ixtisasları üzrə yeni nəsil təhsil proqramları hazırlanır.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, həmin proqramlar 2014-2015-ci tədris ilindən tətbiq ediləcək. Əvvəlki proqramlardan fərqli olaraq yeni proqramlarda ümumtəhsil məktəblərinin proqramlarına müvafiq olaraq fənlər üzrə kurikulumun öyrədilməsi, eləcə də tələbələrin auditoriya yükünün azaldılması və bunun hesabına sərbəst işin artırılması nəzərdə tutulur.

Təhsil Nazirliyi Azərbaycanda ali məktəblərdə müəllim hazırlığı üçün internatura modelinin nə zamandan tətbiq ediləcəyinə də aydınlıq gətirib. Bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əsas hədəflərdən biri kimi, təhsilverənlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsini təmin edən yeni sistemin yaradılması, o cümlədən müəllim hazırlığı sistemində internatura modelinin tətbiq edilməsi qeyd olunub. Yeni sistemin tətbiqi üçün ilk növbədə beynəlxalq təcrübəyə əsaslanan normativ hüquqi sənədlər hazırlanmalıdır. Bu sənədlər hazırlandıqdan sonra internatura modelinə dair ətraflı məlumatlar ictimaiyyətə çatdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR