Azərbaycan prezidenti: "Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalıdır"

Azərbaycan prezidenti: "Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalıdır"
# 20 oktyabr 2013 01:16 (UTC +04:00)

Bakı-APA. "İnformasiya-kommunikasiya texnologiyaları istiqamətində siyasətimiz davam etdiriləcək. Bu texnologiyalar həm ölkə iqtisadiyyatını inkişaf etdirir, eyni zamanda, məmur-vətəndaş münasibətlərini normal səviyyədə tənzimləyir və tənzimləməlidir. Bu məsələlərə də xüsusi diqqət göstərilməlidir". APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 19-da keçirilmiş inauqurasiya mərasimində çıxışı zamanı bəyan edib. Dövlət başçısı qeyd edib ki, məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır: "Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır".

Prezident İlham Əliyev qeyd edib ki, növbəti illərdə korrupsiya və rüşvətxorluğa qarşı daha da ciddi mübarizə aparılacaq: "Bu mübarizənin gözəl nəticələri var və bu istiqamətdə dövlət siyasəti birmənalıdır”. Dövlət başçısı bu xoşagəlməz halların Azərbaycandan götürülməsi üçün çox güclü siyasi iradənin olduğunu qeyd edib: “Burada həm inzibati tədbirlər, cəza tədbirləri və sistem xarakterli islahatlar əminəm ki, növbəti 5 il ərzində bu sahədə daha da böyük nailiyyətlərə gətirib çıxaracaq”.

“Böyük ümidlərim əlbəttə ki, elektron xidmətlərədir. “Elektron hökumət” layihəsi icra edilir, elektron xidmətlərin sayı artmalıdır”, deyə ölkə başçısı qeyd edib və vurğulayıb ki, “ASAN xidmət”in qısa müddət ərzində böyük rəğbət qazanması onda bu əminliyi daha da artırır.

Prezident İlham Əliyev bəyan edib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumxalq işi olmalıdır: “Dövlət öz siyasətini aparacaq, ancaq, eyni zamanda, ictimaiyyət də bu işlərə fəal qoşulmalıdır, vətəndaşlar biganə qalmamalıdırlar və bütün xoşagəlməz hallar haqqında məlumatlar vaxtında dövlət orqanlarına çatdırılmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR