Ümumrusiya Azərbaycanlıları Konqresi: Rusiyada bir dəfə qanunu pozan xarici ölkə vətəndaşlarının 5 il Rusiyaya buraxılmamasına qərar verilib

Ümumrusiya Azərbaycanlıları Konqresi: Rusiyada bir dəfə qanunu pozan xarici ölkə vətəndaşlarının 5 il Rusiyaya buraxılmamasına qərar verilib
# 26 oktyabr 2013 08:51 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. “Hazırda Rusiyada azərbaycanlılarla bağlı narahatlıq doğuracaq hər hansı hal yoxdur, yalnız Azərbaycandan Rusiyaya gələnlər hələ də sərhəddə çətinliklərlə üzləşirlər”. Bunu APA-ya açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktoru İlqar Hacıyev deyib. O bildirib ki, son dövrlər kimsə nə vaxtsa Rusiyada xırda qanun pozuntusuna belə yol veribsə, həmin şəxslər ölkəyə buraxılmır: “Rusiyaya giriş çətinləşdirilib. Bu, tək azərbaycanlı miqrantlara deyil, bütün miqrantlara şamil olunur. Rusiyada bir dəfə qanunu pozanların 5 il Rusiyaya buraxılmaması barədə qərar verilib. Bizi narahat edən odur ki, Rusiyada ailəsi olan soydaşlarımız, iş adamlarımız, o cümlədən bu ölkədə təhsil alan tələbələrimiz arasında bu problemlə üzləşənlər var. Demək olar ki, gün ərzində bununla bağlı ÜAK-ın “qaynar xətt”inə 5-6 zəng daxil olur”.

ÜAK-ın icraçı direktoru Rusiyaya girişin çətinləşdirilməsinin və tələblərin sərtləşdirilməsinin Soçidə keçiriləcək qış Olimpiya Oyunları ilə bağlı olduğunu istisna etməyib: “Rusiyada vətəndaşlıq almaq proseduru da çətinləşdirilib, yeni tələblər qoyulub. Bu, Rusiyanın daxili işidir, biz qarışa bilmərik. Yəqin ki, həm miqrantların Rusiyaya girişi, həm də vətəndaşlıq almaq prosedurları müəyyən zaman keçdikdən sonra nisbətən asanlaşacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR