Azərbaycanda Mobil Nömrələrin Daşınması sisteminin tətbiqi ləngiyir

Azərbaycanda Mobil Nömrələrin Daşınması sisteminin tətbiqi ləngiyir
# 15 yanvar 2014 10:15 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə RİTN-in mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın aparıcı mobil rabitə operatoru «Azercell Telekom» şirkətindən «APA-Economics»ə bildirilib ki, MNP sisteminin uğurlu tətbiqi üçün müxtəlif sınaqlar aparan şirkət, artıq uzun müddətdir ki, bu xidmətlərin həyata keçirilməsi üçün texniki cəhətdən tam hazır vəziyyətdədir.

«Keçən il ərzində «Azercell» öz şəbəkəsinin tutumunu 20%-ə qədər genişləndirib və digər şəbəkələrdən olan yeni abunəçiləri qəbul etməyə hazırdır. Bu layihənin gerçəkləşməsi bütün tərəfdaşlardan asılı olduğundan, bütün əlaqəli tərəflərin son yoxlamaları aparıldıqdan sonra layihə tam olaraq həyata keçiriləcək. MNP xidməti yalnız bir mobil operator tərəfindən müstəqil şəkildə tətbiq edilə bilməz. Layihə yalnız o zaman başlanmış hesab edilə bilər ki, ölkədə fəaliyyət göstərən bütün mobil operatorlar bu sistemə keçid əldə edə bilsin. Hazırda layihənin tətbiqi bütün səviyyədə son yoxlamalar mərhələsindədir və ümid edirik ki, abunəçilər bu sistemdən tezliklə faydalana biləcəklər», - deyə «Azercell»dən bildirilib.

Azərbaycanın ilk mobil rabitə operatoru olan «Bakcell» şirkətinin korporativ kommunikasiyalar bölməsinin rəhbəri Süheylə Cəfərova isə şirkətin hələ 2013-cü il avqustun 1-dən Mobil Nömrələrin Daşınması sisteminin tətbiqinə başladıqlarını açıqlayıb.

Ölkənin üçüncü mobil operatoru «Azerfon» («Nar Mobile» ticarət nişanı) şirkəti də artıq keçən ildən sistemin tətbiqinə hazır olduqlarını bildirib.

Qeyd edək ki, ilk öncə layihənin 2013-cü ilin mayın əvvəlində, sonra iyunun əvvəlində, sonradan avqustun 1-dən, daha sonra isə 2014-cü ilin yanvarın 1-dək tətbiqi planlaşdırılırdı.

Xatırladaq ki, Azərbaycanda MNP xidmətləri çərçivəsində mobil rabitə operatorları üzrə telefon nömrələrinin abunəçinin istəyinə uyğun olaraq digər operatorun şəbəkəsinə daşınması mexanizminin tətbiqi nəzərdə tutulur. «Daşınan nömrələr» xidmətinin köməyi ilə abunəçilər operatorun dəyişdirilməsi zamanı telefon nömrələrini saxlamaq imkanı əldə edirlər. Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və ya 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur. Xidmətin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə, telefon nömrələrini saxlamaq imkanı verəcək. Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes tərəfdaşları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR