İsveçrədə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş etiraz aksiyası keçirilib - FOTOSESSİYA

İsveçrədə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş etiraz aksiyası keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 24 fevral 2014 09:55 (UTC +04:00)

Bakı-APA. Fevralın 22-də İsveçrə Konfederasiyasının paytaxtı Bern şəhərində “İsveçrədə Azərbaycanlıların Mədəniyyət Mərkəzi”nin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş etiraz aksiyası keçirilib.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfirliyindən APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlanmış “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Bern şəhərinin mərkəzi meydanlarının birində keçirilmiş tədbirdə İsveçrədə fəaliyyət göstərən Azərbaycan diasporasının üzvləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və elmi fəaliyyətlə məşğul olan ziyalılar iştirak ediblər.

İki saat ərzində davam etmiş aksiyada çoxsaylı Azərbaycan bayraqları dalğalandırılıb, “Xocalıya ədalət”, “Erməni işğalına son”, “Xocalı soyqırımında iştirak edənlər məsuliyyətə cəlb edilsin” və digər şüarları əks etdirən plakatlar, ingilis, alman və fransız dillərində müxtəlif nəşrlər, dünya mətbuatında Xocalı qətliamı ilə bağlı dərc edilmiş məqalələr, habelə hadisəni əks etdirən fotoşəkillər nümayiş etdirilib. İsveçrədə təhsil alan tələbələrimiz və diaspora nümayəndələri tərəfindən fəallıqla yerli əhaliyə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və xüsusilə də Xocalı faciəsi ilə bağlı dolğun məlumatlar verilib, yaddaş vərəqələri paylanılıb.

Bundan əlavə, yerli sakinlərin və xarici turistlərin Xocalı qətliamı barədə daha asan məlumatlandırılması məqsədilə “sual-cavab” şəklində vərəqələr yayılaraq, sualları doğru cavablandıran şəxslərə üzərində “Xocalıya Ədalət” kampaniyasının İnternet səhifəsi olan “www.justiceforkhojaly.org” əks olunan suvenirlər təqdim edilib.

Sonda meydanda “Xocalı – 613” yazısını əks etdirən şamlar yandırılmış və qətliamda şəhid olmuş şəxslərin ruhu yad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR