ETSN qanunsuz ov edilməsi və ov məhsullarının yol kənarlarında satılması hallarını aşkarlayıb

ETSN qanunsuz ov edilməsi və ov məhsullarının yol kənarlarında satılması hallarını aşkarlayıb
# 22 yanvar 2014 15:53 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən 11-13 yanvar tarixlərində respublikanın şimal bölgəsində “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması, qanunsuz ov edilməsinə və qanunsuz yolla əldə edilmiş ov məhsullarının yol kənarlarında satılması hallarına qarşı nəzarətin gücləndirilməsi məqsədilə reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, reydlər zamanı Şabran rayonu Dəhnə kəndi ərazisində qanunsuz ov edən 8 nəfərdən ibarət qrup saxlanılaraq, onlardan ümumilikdə 8 ədəd müxtəlif növlü və çaplı ov tüfəngi götürülüb. Qanun pozucularından yalnız ikisi-Şabran rayonu Xəlfələr kənd sakini Mirzəağa Əzimov və Şabran şəhər sakini Sübhan Quliyev ovçuluq biletlərini və tüfənglərə dair icazə sənədlərini təqdim edib. Hər iki şəxsə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hər biri ayrılıqda 1000 manat məbləğində cərimə olunub. Qrupun digər üzvlərinin şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi məqsədilə Şabran rayon Polis Şöbəsinə müraciət olunub.


Siyəzən rayonu ərazisində keçirilən reydlər zamanı isə Bakı-Quba magistral avtomobil yolunun 105-120-ci kilometrliyində, yol kənarında və keçid körpülərinin altında nərə, xəşəm, qızıl balıq, sazan və digər balıq növlərinin qanunsuz satıldığı aşkar olunub. Balıq məhsulları və satış üçün istifadə olunan avadanlıqlar ərazidən götürülərək məhv edilib.
Lakin qanunsuz balıq ovuna və satışına, balıq ovçularının üzən qurğularının sahildən hərəkətinə nəzarətin bir neçə qurum tərəfindən tənzimləndiyi nəzərə alınaraq qanun pozucularının hansı şəraitdə balıq ovuna çıxması və qanunsuz ovlanmış məhsulların hansı şəraitdə satışa verilməsi araşdırma tələb etdiyindən ETSN əməkdaşları tərəfindən faktla bağlı mövcud səlahiyyətlər çərçıvəsində qanunamüvafiq qaydada akt tərtib edilib.

Qanun pozucuları barəsində tədbir görülməsi, şəxsiyyətlərinin müəyyənləşdirilərək qanunvericiliyə uyğun qaydada məsuliyyətə cəlb edilməsi, o cümlədən hansı şəraitdə qanunsuz balıq ovuna çıxılmasının araşdırılması məqsədilə Siyəzən rayon Polis Şöbəsinə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR