Arif Hacılı: “Milli Şurada radikal dəyişikliklərin tərəfdarıyam” - MÜSAHİBƏ

Arif Hacılı: “Milli Şurada radikal dəyişikliklərin tərəfdarıyam” - <span style="color: red;">MÜSAHİBƏ
# 12 noyabr 2013 12:00 (UTC +04:00)

- Müsavat Partiyasının Divanının dünən keçirilən toplantısında Milli Şuranın strukturunun yenidən qurulması, məşvərət qurumu və həmsədrlik institutunun yaradılması ilə bağlı mövqeyi partiyanın mövqeyi müəyyən olunubmu?

- Müsavat Partiyasının Divanının toplantısında digər məsələlərlə yanaşı, Milli Şuranın gələcək taleyi, Müsavat Partiyası və müxalifətin qarşısında duran məsələlər müzakirə olunub. Biz bu məsələ ətrafında geniş müzakirə aparırıq. Hesab edirik ki, seçkidən sonra yeni siyasi şərait yaranıb. Yaxın vaxtlarda yeni siyasi şəraitə uyğun yeni hədəfləri müəyyənləşdirəcəyik.

- KXCP sədri Mirmahmud Mirəlioğlu da APA-ya müsahibəsində artıq Milli Şuranın özünün taleyinin müzakirə edilməsinin vaxtı yetişdiyini söyləyib. Deməli, Müsavat Partiyası da hesab edir ki, artıq Milli Şuranın özünün taleyini müzakirə etmək lazımdır?

- Bu məsələlər artıq müzakirə olunur. Bilirəm ki, Milli Şuranın bütün üzvləri, Milli Şuranın əsasını təşkil edən siyasi və ictimai təşkilatlar Milli Şuranın ən azı fəaliyyətinin yenidən qurulması barədə müzakirə aparırlar. Ən azı Milli Şuranın seçkidən əvvəlki strukturu, fəaliyyət istiqamətləri redaktəyə məruz qalacaq.

- Söhbət hansı redaktələrdən gedir?

- Siyasi prosesə töhfələr vermiş təşkilatlar, adamlar Milli Şuranın təşkilində, strukturunun formalaşmasında daha mühüm yer alacaqlar. Milli Şuranın fəaliyyətində iştirak etməyən, hətta mane olmuş qüvvələrin, şəxslərin Milli Şuradan kənarlaşdırılması prosesi gedəcək.

- Milli Şuradan Liberal Partiya, onun lideri Lalə Şövkət və digərləri çıxıb. Milli Şurada sizin dediyiniz hansı qüvvələr qalıb?

- Şəxsən mən Milli Şurada radikal dəyişikliklərin tərəfdarıyam. Həm Milli Şuranın strukturunda, həm də fərdi tərkibində dəyişikliklər edilməlidir. Bu məsələlər hələ müzakirə mövzusudur.

- Yeri gəlmişkən, Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin gələcək statusu ilə bağlı Müsavat Partiyasının rəhbərliyində və Milli Şurada təmsil olunan şəxs kimi sizin mövqeyiniz nədən ibarətdir?

- Şəxsən mən Cəmil Həsənlinin Milli Şuranın sədri olmasına razıyam. Hesab edirəm ki, Cəmil Həsənli seçki dövründəki fəaliyyəti ilə hər cür statusa layiqdir. Amma hesab etmirəm ki, Milli Şura kimi strukturun əsas işi ayrı-ayrı fərdlərin statusunun müəyyənləşdirilməsi ilə məşğul olmaq olmalıdır.

- Ümumiyyətlə, yaxın gələcəkdə Müsavat Partiyasının Milli Şuradan çıxmasının, müstəqil fəaliyyətinin şahidi ola bilərikmi? Yaxud hansı halda Müsavat Partiyası ilə Milli Şuranın yolları ayrıla bilər?

- Hazırda müxalifət qüvvələrinin yeni konsolidasiyası istiqamətində müzakirələr aparılır. Müsavat Partiyasının Milli Şurada ciddi struktur dəyişikliyi və qurumun fərdi tərkibi ilə bağlı təklifləri qəbul edilərsə, Müsavat Partiyası Milli Şuranın fəaliyyətində aparıcı təşkilat olaraq qalmaqda davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR