DBX: Xəzər sahilində ölmüş və xəstəlikdən tələf olmuş kefal balıqlarına təsadüf olunmayıb

DBX: Xəzər sahilində ölmüş və xəstəlikdən tələf olmuş kefal balıqlarına təsadüf olunmayıb
# 12 mart 2014 09:22 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. “Hələ ki, Xəzər dənizinin sahilində ölmüş və xəstəlikdən tələf olmuş kefal balıqlarına təsadüf olunmayıb”.

Bunu APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli deyib.

Y. Xanvəli bildirib ki, Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə keçirilən monitorinqlər may ayına qədər davam edəcək: “Monitorinq ona görə may ayına qədər davam edir ki, həmin dövrdə balıqlar kürü vermək üçün çaylara axın edəcək. Əgər həmin dövrdə İran tərəfdə bu kimi hallar baş versə, o zaman nəsə müşahidə etmək olar. Ona görə də monitorinqlər o vaxta qədər davam edəcək. Biz hətta balıqçılarla, ayrı-ayrı qurumlarla əlaqə yaratmışıq ki, kefal balıqlarında ölüm və ya şübhəli bir hal müşahidə edərlərsə, həmin balıqları mütləq Dövlət Baytarlıq Xidmətinə çatdırsınlar. Bu günə qədər həm digər qurumlardan, həm də öz əməkdaşlarımızın dəniz sahili ərazilərdə apardıqları nəzarət zamanı bu kimi hala rast gəlinməyib”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə Dövlət Baytarlıq Xidmətinə göstəriş verib. Bu tədbirlərin görülməsində məqsəd mətbuatda İranın Mazandaran əyalətinin Xəzər dənizi sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insan, həm də heyvanlar üçün təhlükəli olması barədə məlumatların yer alması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR