Amanda Pol: “Avropa Birliyi Dnestryanı münaqişəyə daha çox diqqət yetirir, nəinki Dağlıq Qarabağ münaqişəsinə”

Amanda Pol: “Avropa Birliyi Dnestryanı münaqişəyə daha çox diqqət yetirir, nəinki Dağlıq Qarabağ münaqişəsinə”
# 07 iyun 2013 10:46 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. “Avropa Birliyi Dnestryanı münaqişəyə daha çox diqqət yetirir, nəinki Dağlıq Qarabağ münaqişəsinə”. APA-nın məlumatına görə, bunu Bakıda “Avropa Birliyi - Azərbaycan: Təhlükəsizlik və İnteqrasiya” mövzusunda keçirilən konfransın “Dağlıq Qarabağ münaqişəsi: Avropa Birliyi üçün çağırış” adlı panelində Avropa Siyasət Mərkəzinin eksperti Amanda Pol deyib.

A. Pol bildirib ki, AB Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət yetirməlidir: “Niyə Avropa Birliyi Dnestryanı münaqişəyə çox diqqət ayırır? Bu münaqişə birliyin sərhədlərində yerləşir və onun həllinə bir sıra aparıcı ölkələr dəstək verir. Halbuki Dağlıq Qarabağ münaqişəsi bütün region və onun hüdudlarından kənarda yerləşən ölkələr, enerji və nəqliyyat dəhlizləri üçün təhlükədir. Bu gün münaqişənin həllində ötən illərdən fərqli olaraq daha çox durğunluq müşahidə olunur. AB hələ özünü dəstəkləyici qüvvə kimi qiymətləndirir, nəinki münaqişənin həllində aparıcı oyuncu kimi”.

Latviya Xarici İşlər Nazirliyinin parlament məsələləri üzrə katibi Viktors Makarovs isə qeyd edib ki, Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsində hələ çox iş görə bilər, təşkilatın potensialı yüksəkdir: “AB Cənubi Qafqazda daha aktiv olmalıdır, onun bu regionda mövcudluğu genişlənməlidir. AB-nin təcrübə və potensialı çoxdur və təşkilat Dağlıq Qarabağ münaqişəsinin həllində aparıcı rol oynamasa da, əsas məsələ münaqişənin həllində irəliləyişin olmasıdır. Madrid prinsipləri nəzərə alınmalı və canlandırılmalıdır, beynəlxalq hüququn tələbləri əsas götürülməlidir. Latviya Azərbaycanın dostu olaraq Azərbaycan ilə AB münasibətlərinin daha da genişlənməsini istəyir və AB-yə inteqrasiyanı dəstəkləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR