İran xarici işlər naziri ilə Ketrin Eşton arasında görüş keçirilib

İran xarici işlər naziri ilə Ketrin Eşton arasında görüş keçirilib
# 18 mart 2014 09:30 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran xarici işlər naziri ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi arasında görüş keçirilib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, martın 18-də BMT-nin Vyanadakı ofisində baş tutan görüşdə Məhəmməd Cavad Zərif və Ketrin Eşton Cenevrə razılaşmasında öz əksini tapmış son addımlarla bağlı fikir mübadiləsi aparıblar.

Görüşdə həmçinin İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələrinin bu gün saat 12:30-da keçirilməsi qərara alınıb. Danışıqlarda Ərak ağır su nüvə reaktoru, dinc məqsədli nüvə texnologiyası sahəsində beynəlxalq əməkdaşlıq, yəni Birgə Fəaliyyət Proqramındakı addımlar və “altılıq” ölkələrinin üzərlərinə düşən öhdəliklərin ikinci bəndinin dördüncü maddəsi, sanksiyaların aradan qaldırılması, o cümlədən Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinə (NPT) uyğun olaraq nüvə silahlarının istehsalı və yayılması məsələləri müzakirə olunacaq. Müzakirələrdə İran nümayəndə heyətinə M.C.Zərif, “altılıq” ölkələrinə isə K.Eşton rəhbərlik edəcək.

Qeyd edək ki, M.C.Zəriflə K.Eştonun martın 17-də Vyanada bir işgüzar şam yeməyi zamanı keçirilməsi planlaşdırılan görüşü ləğv edilib. Buna səbəb K.Eştonun İrana səfəri zamanı martın 9-da Avstriyanın Tehrandakı səfirliyində azərbaycanlı hüquq müdafiəçisi Nərgiz Məhəmmədi və ilyarım əvvəl zindanda işgəncələr altında öldürülmüş bloqçu Səttar Behiştinin anası Gövhər Eşqi ilə görüşməsi olub. Nəticədə İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı və Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt növbəti nüvə müzakirələrinin gündəliyini müəyyənləşdirmək üçün bir araya gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR