Təhsil Nazirliyi: Ayrı-ayrı məktəblərdə fiziki-tərbiyə dərslərinin digər dərslərlə əvəz olunması müşahidə edilir

Təhsil Nazirliyi: Ayrı-ayrı məktəblərdə fiziki-tərbiyə dərslərinin digər dərslərlə əvəz olunması müşahidə edilir
# 23 yanvar 2014 12:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi ibtidai siniflərdə dərs yükünün çox olduğunu əsas gətirərək fiziki-tərbiyə dərslərinin digər dərslərlə əvəz olunması hallarına münasibət bildirib.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin aparıcı məsləhətçisi Afət Süleymanova deyib ki, belə hallar ayrı-ayrı məktəblərdə müşahidə edilir. Onun sözlərinə görə, bununla bağlı lazımi tədbirlər görülür: “Belə hallar olmamalıdır. Təhsil Nazirliyi tərəfindən də belə halların baş verməsi qəbul olunmur. Çünki bizim fiziki-tərbiyə üzrə fənn kurikulumları, təhsil standartları müəyyən edilib. Hər bir sinif üzrə tədris başa çatandan sonra uşaq həmin fənn üzrə müəyyən edilən standartlara cavab verməlidir. Təhsil müəssisəsinin rəhbərliyi də nazirlik qarşısında həmin standartların yerinə yetirilib-yetirilməməsinə dair hesabat verməlidir. Əgər belə hallar varsa, buna məktəb rəhbərliyi məsuliyyət daşıyır”.

Nazirlik rəsmisi qeyd edib ki, bu gün məktəblərdə fiziki-tərbiyə dərslərini yüksək səviyyədə tədris edən fənn müəllimləri də var. Onun sözlərinə görə, bəzi fiziki-tərbiyə müəllimləri nazirliyin müvafiq şöbəsinə cəlb olunaraq onların təcrübələrindən istifadə ediləcək: “Düşünürük ki, məktəblərdə tədris olunan bir sıra nümunəvi fiziki-tərbiyə dərsləri müşahidə edilsin, lentlərə çəkilsin, müəllimlərlə onların müzakirəsi keçirilsin. Bununla da fiziki-tərbiyə müəllimlərin peşəkarlığının artırılması istiqamətində əməli işlər aparılsın. Uşaq sağlamlığının qorunması bu gün Təhsil Nazirliyini də narahat edir. Çünki bu gün tərbiyə işinin tərkib hissəsi uşaqların sağlamlığının qorunmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR