Musa Pənahov: “Azərbaycan “Silk Wind” layihəsi üzrə hökumətlərarası sazişin imzalanmasına hazırdır”

Musa Pənahov: “Azərbaycan “Silk Wind” layihəsi üzrə hökumətlərarası sazişin imzalanmasına hazırdır”
# 22 may 2014 09:58 (UTC +04:00)

APA-Economics”in Qazaxıstana ezam olunmuş müxbirinin xəbərinə görə, bu barədə bu gün Astanada keçirilən “TransAvrasiya - 2014” IX beynəlxalq nəqliyyat-tranzit potensialı barədə konfransda Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.

O bildirib ki, son 10 ildə daşımaların illik artım tempi 7,5% olub. Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi barədə danışan nazir müavini deyib ki, bu, Avropa ilə Asiya arasında körpü rolunu oynayacaq: “2014-cü ildə istismara verilməsi nəzərdə tutulan layihə hazırda yekun fazaya daxil olub. Layihənin ilkin daşıma gücü 5 mln. ton olduğu halda, 2020-ci ildən sonra bu rəqəmin 15 mln. tona çatdırılması gözlənilir”.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinə diqqət çəkən M.Pənahovun sözlərinə görə, bu limanın beynəlxalq yükdaşımaların və tranzit dəhlizlərinin kəsişməsində yerləşməsi onun əhəmiyyətini daha da artırır: “Liman ərazisində böyük logistika mərkəzinin tikintisi nəzərdə tutulub ki, onun emal gücü 10 mln. tona yaxın olacaq. Bu rəqəmin gələcəkdə bir neçə dəfə artırmaq imkanı var. Multimodal dəniz daşımalarının həcmini artırmaq məqsədilə 8 müasir tanker və 6 bərə alınıb”.

Nazir müavini bildirib ki, Azərbaycanda digər nəqliyyat vasitələri ilə yanaşı, hava nəqliyyatı da aktiv inkişaf edir: “Azərbaycan ərazisində 7 hava limanı fəaliyyət göstərir ki, onlardan 6-sı beynəlxalq statusa malikdir. Daşımaların keyfiyyətinin artırılması məqsədilə Bakı və ətraf ərazilərdə böyük logistika mərkəzləri tikilməkdədir”.

M.Pənahovun sözlərinə görə, ölkədə lokomotiv parkının yenilənməsi sərnişin və yük daşımalarının keyfiyyət və sürətinin artırılmasına səbəb olacaq: “Bildiyiniz kimi, bu yaxınlarda Fransanın “Alstom” şirkəti ilə Nəqliyyat Nazirliyi arasında Azərbaycana yeni qatarların gətirilməsi ilə bağlı müqavilə imzalandı. Həmin qatarlar “Alstom” şirkətinin Qazaxıstandakı zavodunda yığılır. Dünən mən həmin qatarlarla tanış oldum və onların müasir standartlara cavab verdiyinə bir daha əmin oldum”.

Nazir müavini bildirib ki, konfrans çərçivəsində “Silk Wind” layihəsi ilə bağlı Azərbaycan, Qazaxıstan, Türkiyə və Gürcüstan hökumətləri arasında sazişin imzalanması baş tutmayacaq: “Ümid edirik ki, bu il ərzində sazişin imzalanması baş tutacaq. Azərbaycan tərəfi bu layihənin imzalanmasına hazırdır”.

Qeyd edək ki, “Silk Wind” layihəsi konteyner qatarlarının Çindən Qazaxıstana (Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə, daha sonra isə Avropaya çıxmasını) qədər hərəkətini nəzərdə tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR