Ayətullah Xamneyinin müşaviri: “İran öz bütövlüyünün qorunub saxlanmasına görə Azərbaycana minnətdardır”

Ayətullah Xamneyinin müşaviri: “İran öz bütövlüyünün qorunub saxlanmasına görə Azərbaycana minnətdardır”
# 08 may 2013 22:52 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın ali dini lideri, ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri, ölkə prezidentliyinə namizəd Əli Əkbər Vilayəti mayın 7-də İranın Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərinə səfər edib.

APA-nın “Oyannews”a istinadən məlumatına görə, sabiq xarici işlər naziri səfər çərçivəsində Təbrizin Sərasəri Universitetində və Təbriz Azad Universitetində çıxışlar edib.

O, Təbrizin Sərasəri Universitetində çıxışı zamanı bildirib ki, İran öz bütövlüyünün qorunub saxlanmasına görə Azərbaycan və azərbaycanlılara minnətdardır.

Eyni zamanda Ə. Vilayəti İran prezidenti Mahmud Əhmədinejadın xarici siyasətini də tənqid edib: “Biz qonşu ölkələrlə yaxşı münasibətlər qurmalıyıq. Latın Amerikası ölkələri ilə əlaqələr qurmaq ölkəmizin xeyrinə deyil”.

İran prezidentliyinə namizəd Təbriz Azad Universitetində isə İran Konstitusiyasının 15-ci maddəsi ilə bağlı sualı cavablandırıb: “İran Konstitusiyasının 15-ci maddəsi təsəvvürə yeni bir şey gətirmir. Azərbaycan İranın başıdır və ana dilində yazıb-oxumaq heç bir şeyi dəyişməz”.

Qeyd edək ki, hər iki universitetdə də tələbələrin əksəriyyəti onlara Ə. Vilayətiyə sual verilməsinə şərait yaradılmamasına etiraz olaraq salonu tərk ediblər. İran prezidentliyinə namizəd də görüşü yarımçıq başa vurmaq məcburiyyətində qalıb. Tələbələr əsasən İran-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan türklərinin ayrı-seçkiliyə məruz qalması və s. məsələlərlə bağlı suallar vermək niyyətində olublar.

Xatırladaq ki, Ə. Vilayəti Tehran şəhərinin meri Məhəmmədbağır Qalibaf və İran parlamentinin sabiq spikeri Qulaməli Həddad Adilin birgə yaratdığı “2+1” seçki koalisiyasının üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR