Elman Rüstəmov: “Cari ilin 9 ayında Azərbaycanda orta illik inflyasiya 2,3 faiz təşkil edib”

Elman Rüstəmov: “Cari ilin 9 ayında Azərbaycanda orta illik inflyasiya 2,3 faiz təşkil edib”
# 07 oktyabr 2013 17:14 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetində 2013-cü ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E. Rüstəmovun sözlərinə görə, hesabat dövründə əhali gəlirlərinin artım tempi inflyasiya tempini üstələyib, nəticədə real gəlirlər 5 faizdən çox yüksəlib. İlin əvvəlindən bəri ölkənin əsas xarici ticarət tərəfdaşı olan ölkələrdə orta çəkili inflyasiya Azərbaycandakı inflyasiyadan 2,8 faiz bəndi yüksək olub: «Qiymət sabitliyinin ilin sonunadək qorunacağı gözlənilir. Bununla yanaşı, manatın sabitliyinin qorunması istiqamətində də tədbirlər görülüb. Məzənnənin kəskin möhkəmlənməsinin qarşısını almaq üçün Mərkəzi Bank tərəfindən 9 ayda 1,7 milyard dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib. Yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 13 faiz artıb və 13,3 milyard dollara çatıb».

Mərkəzi Bankın İdarə Heyətinin sədri onu da vurğulayıb ki, cari ilin 9 ayında ilkin statistikaya görə bank aktivləri 14 faiz, kredit qoyuluşları isə 17 faizdən çox artıb. Əhalinin əmanətləri ilin əvvəlinə nəzərən təxminən 20 faiz artaraq 6,1 milyard manata çatıb.

Elman Rüstəmov ödəniş infrastrukturunun inkişafından danışarkən dedi ki, hesabat dövründə ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olub. 2013-cü ilin 9 ayında Milli Ödəniş Sistemi vasitəsilə ödənişlərin həcmi 90 milyard manata çataraq ümumi daxili məhsulu 2,3 dəfə üstələyib. Kart infrastrukturunun inkişafı davam etdirilib, ödəniş kartlarının sayı 5,3 milyon ədədə, bankomatların sayı 2,4 minə, POS-terminalların sayı isə 36 minə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR