Azərbaycan Prezidenti: “Gələn ildən Bakının və onun qəsəbələrinin sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü mərhələsinə başlanmalıdır”

Azərbaycan Prezidenti: “Gələn ildən Bakının və onun qəsəbələrinin sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü mərhələsinə başlanmalıdır”
# 23 dekabr 2013 23:09 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının müsbət olduğunu bildirib.

APA-nın xəbərinə görə, prezident bu gün proqramın icrası ilə bağlı keçirilən tədbirdəki çıxışında bu il başa çatdırılmayan məsələlərin gələcək illərdə həll ediləcəyini də deyib.

Kommunal problemlərin həlli

Ölkə başçısı bildirib ki, növbəti illərdə Bakının və qəsəbələrinin infrastruktur obyektlərinə daha da böyük diqqət göstərilməlidir.

Elektrik enerjisi ilə təchizatda problem olmadığını bildirən dövlət başçısı bununla yanaşı gələcəkdə yeni stansiyaların da tikintisinə başlanacağını deyib.

Hazırda Bakıda qazlaşdırmanın 96 faiz olduğunu deyən prezident tezliklə bu məsələnin tamamilə həllini tapacağını söyləyib.

İçməli su və kanalizasiya layihələrinin də sürətlə icra olduğunu bildirən prezident bu gün də hələ Bakının bir hissəsinin fasilələrlə içməli su aldığını qeyd edib: “Ümid edirəm ki, növbəti illərdə bu məsələ tamamilə həllini tapacaq. Oğuz-Qəbələ-Bakı, Taxtakörpü su kəmərləri, su anbarları və gələcək illərdə görüləcək işlər imkan verəcək ki, biz bu problemi tam həll edək. Bakıda ən müasir standartlara cavab verən kanalizasiya sistemi və yeni su xətləri yaradılmalıdır, yaradılacaq və bu məsələ birdəfəlik öz həllini tapacaq”.

İstilik sisteminin bərpası prosesinin də getdiyini bildirən ölkə başçısı bu sahədə görüləsi işlərin çox olduğunu deyib.

Prezident deyib ki, ona lift təsərrüfatında böyük problemlər olması barədə məlumat verilib: “Bəzi hallarda liftlər işləmir, köhnəlib, nasaz vəziyyətdədir. Ona görə qərar qəbul edildi ki, biz dünyanın aparıcı firmalarının istehsalı olan liftləri Bakıya gətirək. Nəinki Bakıda, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində də lift təsərrüfatı yenilənir. Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. İndi burada məlumat verildi ki, min ədəd lift gətirilib, quraşdırılır. Növbəti illərdə biz Bakının lift təsərrüfatını tam şəkildə yenidən qurmalıyıq”.

Prezident yaşayış binalarının həyətlərinin abadlaşdırılmalı olduğunu, mümkün olan yerlərdə kiçik idman meydançaları tikilməsinin vacibliyini diqqətə çatdırıb.

Bakının qəsəbələrinin ən ciddi problemlərindən birinin də yol təsərrüfatı olduğunu deyən dövlət başçısı yolların, xüsusilə qəsəbədaxili yollarn yenidən qurulmasına başlanıldığını bildirib.

“Kommunal tariflər dünya miqyasında ən aşağı yerlərdədir”

Şəhər nəqliyyatında son illərdə irəliləyiş olduğunu deyən prezident köhnə marşrut avtobuslarının və taksilərin artıq olmadığını vurğulayıb: “İstisna etmirəm ki, dövlət xətti ilə də yeni avtobusların gətirilməsi təmin edilə bilər. İnsanlar üçün lazım olan, insanları narahat edən məsələlərdə dövlət nəzarəti çox güclü olmalıdır. Ona görə, biz Azərbaycanda strateji infrastrukturu dövlət nəzarəti altında saxlayırıq. “Azərsu”, “Azəristilik”, “Azəriqaz”, əlbəttə ki, Neft Şirkəti, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, metro və digər sahələr dövlət nəzarətindədir”.

Dövlət başçısı Azərbaycandakı kommunal tariflərin dünya miqyasında ən aşağı yerlərdə olduğunu xatırladıb.

“2035-ci ilə qədər 70 stansiya…”

Prezident metro tikintisinin Azərbaycanda geniş vüsət almalı olduğunu, 2035-ci ilə qədər Azərbaycanda, Bakıda 70 stansiya tikilməli olduğunu deyib: “Deməli, hər il minimum 2 stansiya tikilməlidir. Buna biz nail olmalıyıq. Düzdür, bu çox böyük vəsait tələb edən, sırf sosial xarakter daşıyan məsələdir. Çünki bu gün metro tarifləri heç metronun ehtiyaclarının beşdə birini ödəmir. Dövlət tərəfindən subsidiyalar verilir. Bunu da istəyirəm əhali bilsin ki, metro ancaq dövlət subsidiyaları hesabına fəaliyyət göstərir. Əlbəttə, nə qədər çox stansiya tikilərsə, dövlət büdcəsinə bir o qədər də çox yük olacaq. Ancaq biz bu sahəyə digər kommunal sahələr kimi sosial prizmadan yanaşırıq”.

Prezident Azərbaycanda qaz tariflərinin də ən aşağı səviyyədə olduğunu deyib: “Qonşu ölkələrlə müqayisədə bizdə qaz tarifləri aşağıdır. Su tarifləri də həmçinin, benzin də həmçinin, elektrik enerjisi də. Yəni, bütün bunları dövlət tənzimləyir. Bütün bunlar dövlət tərəfindən ödənilir. O cümlədən, metro tikintisi də dövlət investisiyası hesabına icra edilir. Metronun istismarı da bir daha demək istəyirəm ki, subsidiyalar əsasında öz həllini tapır.

Bizim planlarımız böyükdür. Çünki ictimai nəqliyyat elə rahat olmalıdır ki, insanlar daha çox ictimai nəqliyyatdan istifadə etsinlər. Düzdür, indi insanların rifah halı yaxşılaşır, biznes mühiti çox müsbətdir. Azərbaycana hər il yüz min, bəlkə də ondan çox avtomaşın idxal edilir. Yəni, əgər rifah halı yaxşılaşmasaydı, bunların heç biri mümkün olmazdı. Əlbəttə, gətirilən on minlərlə, yüz minlərlə maşın yol infrastrukturuna əlavə təzyiq göstərir. Ona görə tıxaclar yaranır. Biz nə qədər yol qovşağı, tunel, yol ötürücüsü tiksək də, yenə də bu, təzyiq olacaq. Son 10 il ərzində onlarla tunel, yol ötürücüsü, yol qovşağı, yeni yollar tikilib”.

Uşaq bağçaları problemi diqqətdə

Prezident deyib ki, 90-a yaxın məktəbdə təmir işləri aparılmalıdır: “Hesab edirəm ki, əgər biz əvvəlki illərin templəri ilə getsək 2014-cü və 2015-ci illərdə Bakıda məktəb tikintisi, təmiri problemi tam aradan qalxacaq”.

Uşaq bağçaları probleminin isə çox ciddi olduğunu bildirən dövlət başçısı uşaq bağçaları ilə təminatın təqribən 20-25 faiz təşkil etdiyini vurğulayıb: “Biz növbəti illərdə uşaq bağçalarının tikintisinə, təmirinə böyük diqqət verməliyik”.

“Məktəb və uşaq bağçası olmayan massivə icazə verilməməlidir”

Prezident qeyd edib ki, yeni yaşayış binaları, massivlər tikilərkən orada məktəb və uşaq bağçası nəzərdə tutulmalıdır: “ Bunsuz tikinti üçün icazə verilməməlidir”.

Paytaxtdakı tibb ocaqlarından 41-nin təmir edildiyini, 13 müəssisədə isə hazırda təmir işləri aparıldığını deyən prezident Bakıda böyük Sağlamlıq Mərkəzi tikildiyini də vurğulayıb.

“Böyük Şor gölünün təmizlənməsinə başlanılacaq”

Bakıda neftlə, digər tullantılarla çirklənmiş kifayət qədər yerlər olduğunu deyən prezident bu yerləri tədricən təmizlənndiyini, rekultivasiya aparıldığını söyləyib: “Bakının ekoloji vəziyyətini ağırlaşdıran o illər boyu mövcud olan göllərdir. O göllərə axıdılan sular çirkab, lay, neft mədənlərindən çıxan sulardır. Bu göllər həm ekoloji vəziyyəti korlayır, həm ümumi görüntünü pozur. Artıq vaxt gəlib çatıb ki, biz bu məsələ ilə də məşğul olaq. Bu da maliyyə baxımından çox ağır məsələdir. O göllərin təmizlənməsi məsələsi gündəlikdədir. Bəzi təkliflər var idi ki, bu göllər qurudulsun. Digər təkliflər var idi ki, təmizlənsin”.

Prezident deyib ki, Böyük Şor gölünün təmizlənməsinə başlanılacağını deyib: “Böyük Şor gölü min hektarı əhatə edir, ona görə təklif verilib ki, biz bu gölü iki yerə bölək. Göl üzərindən altızolaqlı avtomobil yolu çəkiləcək. Gölün birinci hissəsini - 300 hektar olan sahəni biz təmizləməliyik, şəffaf gölə çevirməliyik. Bu, həm istirahət zonasına çevriləcək, həm nəqliyyat üçün çox vacib bir infrastruktur olacaq. Bütövlükdə biz özümüzü bu işlərdə də sınamalıyıq. Yəni, biz buna nail ola biləcəyik, yoxsa yox? Bu günə qədər Azərbaycanda, Bakıda heç vaxt belə işlər görülməyib. Bizim də təcrübəmiz yoxdur. Əlbəttə ki, biz bu sahədə təcrübəsi olan xarici şirkətləri dəvət etmişik, onlarla işləyəcəyik. Ancaq biz baxmalıyıq bu mümkündür, yoxsa yox. Çünki müxtəlif fərziyyələr, fikirlər var. Ona görə biz həm özümüzü sınamalıyıq, həm də ki, bu üsuldan istifadə etməliyik”.

Prezident deyib ki, bu istəyə nail oluna bilsə, 2015-ci ilin yayına qədər Bakıda 300 hektarı əhatə edən göl yaranacaq: “ Digər göllərlə bağlı həm şəhər icra hakimiyyəti, həm İqtisadiyyat və Sənaye Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə işləsinlər, konkret təkliflər versinlər. Ola bilər, biz xüsusi proqram da qəbul edək ki, bu məsələlər də öz həllini tapsın və Bakının ekoloji məsələləri yüksək səviyyədə həll edilsin”.

Prezident Bakıda ictimai zonaların yaradılmasının geniş vüsət aldığını, Bakı Bulvarının yenidən qurulduğunu, Bayraq Meydanından Bibiheybət istiqamətinə yeni bulvar salındığını, böyük Su İdmanı Sarayı tikildiyini, orada orada digər idman qurğuları, incəsənət şəhərciyi olacağını da deyib.

Dəniz vağzalından neftayırma zavoduna qədər də yeni bulvar yaradılır, 5 il sonra isə neftayırma zavodu köçürüləndən sonra “Ağ şəhər” və Zığ bulvarı uzadılacaq.

“İstəyirdilər ki, onları özəlləşdirib, torpaqları satsınlar, binalar tikilsin”

Prezident deyib ki, dünyanın heç bir şəhərində bu qədər ictimai yerlərin, parkların yaradılmasına diqqət göstərilmir: “Biz hamımız yaxşı xatırlayırıq ki, Əl Oyunları Sarayından Bayraq Meydanına qədər olan zonada sənaye müəssisələri, dağılmış zavodlar var idi. Mən məsələ qaldıranda ki, biz bunları köçürməliyik, burada bir gəzinti zonası yaratmalıyıq, bəziləri dedilər bu mümkün deyil, bunlar strateji əhəmiyyətli layihələrdir. Mən bilirdim, bunlar hamısı yalan idi. Sadəcə olaraq, o yerlərə nəzarət edənlər istəmirdilər ki, o yerlər onların əlindən çıxsın. Bəlkə də istəyirdilər ki, gələcəkdə onları özəlləşdirsinlər, sonra o torpaqları satsınlar, binalar tikilsin. Mən bilirəm məsələ nə idi. Eyni məsələ biz Heydər Əliyev Mərkəzini tikəndə də ortaya çıxmışdı. Mənə deyirdilər ki, bu, strateji əhəmiyyəti olan bir zavoddur, əvvəllər leytenant Şmidt, sonra Səttərxan adlanan zavod. Mən oraya gedib baxanda gördüm ki, şüşələr dağılıb, divarlar sökülüb, heç nə yoxdur. Soruşdum əgər bu, əhəmiyyətlidirsə, şüşələr niyə sökülüb? Dedilər ki, bu ventilyasiya üçün sökülüb. Bilirsiniz, belə olan halda güclü iradə göstərilməlidir və biz bu iradəni göstərdik”.

“Oranın adı Mərkəzi Parkdır”

Prezident Heydər Əliyev Mərkəzinin bu gün dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olduğunu vurğulayıb: “Yeni bulvar bu gün ən gözəl istirahət zonalarından biridir. İndi baxın, insanlar üçün nə qədər gözəl imkanlar yarandı. Bu gün hansı şəhərdə bu sahələrə bu qədər investisiya qoyulur? Ancaq Bakıda. Digər ictimai yerlərin yaradılması da bax, bizim iradəmizi göstərir. Mərkəzi park - onu kimsə qış bulvarı adlandırırdı. Bilmirəm haradan çıxdı, sonradan elə qış bulvarı kimi tanınır, amma mən qış bulvarının mənasını başa düşə bilmirəm, bu, nə deməkdir. Yəni, əgər qapalı bir yer olsaydı deyərdim ki, insanlar gəzmək üçün qışda oraya gedə bilərlər. Bunun adı Mərkəzi parkdır. Onun altında dörd min maşınlıq parkinq tikilib. Üstü də gözəl bir parkdır, gəzinti zonasıdır. Əgər biz o vaxt iradə göstərib o yerləri yenidən qurmasaydıq nə olacaqdı?! Orada o küçə ilə maşınlar keçə bilmirdi. Füzuli küçəsindən o tərəfə - Dram Teatrına qədər bircərgəli sağ-sol yolda maşının keçməsi mümkün deyildi. İndi hər iki istiqamətə 4-5 zolaqlı yollar çəkilib. O sahələrlə bağlı bizim gələcək planlarımız da var. Orada köçürülən binaların yerində ictimai yerlər olmalıdır, ancaq ictimai yerlər. İndi harada ki, şəhərsalma qaydalarına uyğun olaraq köçürülmə baş verirsə, onların yerində ictimai yerlər, parklar salınmalıdır. Orada bir dənə də bina tikilməməlidir. Kim bina tikmək istəyirsə, iş adamları getsinlər harada indi köçürmə lazımdırsa, orada yaşayan vətəndaşlarla danışsınlar, anlaşsınlar, köçürsünlər, onların yerində bina tiksinlər. Biz Bakını parklar, bağlar şəhərinə çeviririk”.

“Bakının mərkəzində yeni yaşayış binalarının tikintisi məhdudlaşdırılmalıdır”

Prezident deyib ki, yeni yaşayış binalarının tikintisi ilə bağlı da daha ciddi nəzarət olmalıdır: “Hətta bu yaxınlarda yeni köçürülmüş ərazidə, hansı ki, ictimai yerlərin yaradılması nəzərdə tutulurdu, bir də gördüm ki, orada bina qaldırırlar. Zəng etdim, Hacıbala Abutalıbova, dedim bu nə məsələdir? Dedi ki, belə şey ola bilməz. Dedim ki, gedin yoxlayın, necə ola bilməz?! Getdi yoxladı, gördü ki, bəli, qanunsuz bina qaldırırlar. O yer iki həftə nəzarətsiz qaldı, dərhal kimsə gəlib orada bina qaldırmağa başladı. Təbii ki, dərhal söküldü və o binanı orada tikmək istəyən də öz payını almalıdır. Özbaşınalıq və anarxiya ola bilməz. Qanunsuz tikirlər, sonra da gəlirlər bunu qanunsuz yollarla sənədləşdirirlər. Şəhərimizin bütün memarlıq ansamblı pozulur”.

Prezident deyib ki, yeni yaşayış binalarının tikintisi ilə bağlı məhdudiyyət qoyulmalı, hər layihə ciddi araşdırılmalıdır: “ Biz şəhərin mərkəzində bütövlükdə yeni binaların tikintisinə baxmalıyıq, bunları çox ciddi şəkildə məhdudlaşdırmalıyıq. Ona görə bu məsələlərə çox ciddi nəzarət olmalıdır və bu işlər planlı şəkildə görülməlidir”.

Prezident vurğulayıb ki, bütün işlər Bakının gələcək inkişafı ilə bağlı şəhərsalma konsepsiyası çərçivəsində görülməlidir.

Sənaye Qaradağa köçür

Dövlət başçısı paytaxtdakı çoxsaylı sənaye müəssisələrindən bir hissəsinin köhnəlib, sıradan çıxdığını deyib: “Biz onları köçürmüşük, sökmüşük. Onların yerində bayaq da qeyd etdiyim kimi, yeni, gözəl parklar, ictimai yerlər salınır. Ancaq əlbəttə ki, iqtisadi inkişafımızın gələcək istiqaməti sənayeləşmə ilə bağlı olacaq. Bu barədə mən dəfələrlə demişəm ki, Azərbaycanda müasir sənaye kompleksləri tikilməlidir. Ancaq bu komplekslərin tikintisi üçün yerlər artıq müəyyən edilibdir. Sənaye mərkəzi Bakı, Sumqayıt, Gəncə, Mingəçevirdir. Sənaye daha çox bu şəhərlərdə inkişaf edəcək. Paytaxtın sənaye potensialının gücləndirilməsi ilə bağlı Bakıda, Qaradağ rayonunda bu işləri görmək üçün daha da yaxşı imkanlar var. Həm ərazi böyükdür, həm şəhərin mərkəzindən bir qədər aralıdır. Ona görə, Bakıda, şəhərin mərkəzində sənaye müəssisələrinin yaradılması məqsədəuyğun deyil. İşləməyən, havanı çirkləndirən sənaye müəssisələri ya bağlanmalı, ya onlara qarşı cəza tədbirləri görülməlidir. Ümumiyyətlə, biz ekologiyanı pozan müəssisələrin fəaliyyətinə yenidən baxmalıyıq. Kim o müəssisələri işlədir, ya dövlət, ya özəl qurumlar buyursunlar getsinlər bütün ekoloji normalara riayət etsinlər”.

Prezident deyib ki, Bakının sənaye inkişafı ilə bağlı Qaradağ rayonunda böyük imkanlar var: “Onsuz da orada həm gəmiqayırma zavodu, həm yeni dəniz limanı tikilir. Orada digər böyük müəssisələr tikilib. Gələcəkdə orada neftayırma, neft-kimya kompleksi tikiləcək. Ona görə, şəhər icra hakimiyyəti də bu məsələyə diqqət yetirsin ki, Bakı şəhərində böyük sənaye müəssisələrinin tikintisinə ehtiyac yoxdur”.

Dövlət başçısı Ələt Dəniz Limanının tikintisinin sürətləndirilməli olduğunu,

birinci mərhələ başa çatan kimi Bakının hazırkı dəniz limanının oraya köçürülməsinin vacibliyini qeyd edib: “Bu gün Bakı limanının ərazisində olan yerlərdə də, bəri başdan deyirəm, ictimai zonalar olmalıdır. İndiki limanın ərazisində, ona bitişik ərazidə, dəniz vağzalına bitişik ərazidə gözəl park olacaq. Beləliklə, biz bulvarı dəniz vağzalından “Ağ şəhər” istiqamətinə olan bulvarla birləşdirəcəyik. Artıq orada “Ağ şəhər” istiqamətində bulvar tikilir. Nobel prospektindən dənizə qədər olan bütün binalar artıq yoxdur, onları vətəndaşlar görmürlər, çünki orada stendlər qoyulub. Müvəqqəti hasarlama aparılıb, ancaq o ərazi tam boşdur. Biz orada gözəl yeni bir istirahət zonası yaradırıq və beləliklə, bulvarı tam birləşdirəcəyik. Ona görə, Ələt dəniz limanının birinci mərhələsinin istifadəyə verilməsi gələn ilin iyun ayına qədər olmalıdır. Gələn ilin iyun ayından başlayaraq indiki dəniz limanında abadlıq işləri başlanmalıdır”.

İlk Avropa Oyunlarına hazırlıq

Prezident 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına da diqqət çəkib: Biz, əlbəttə, çalışmalıyıq ki, bu oyunları ən yüksək səviyyədə keçirək. Hazırlıq işləri gedir. Gələn il biz həlledici fazaya başlayacağıq. Bakıda böyük idman qurğuları tikilir. Əslində o qurğuların tikintisi Avropa Oyunları bizə veriləndən əvvəl başlamışdı - Olimpiya Stadionu, Gimnastika Mərkəzi, Su İdmanı Sarayı, Stend Atıcılığı Mərkəzi”.

Dövlət başçısı Bakıda müasir otellərin tikintisinin geniş vüsət aldığını, son 2 ildə 6 beşulduzlu otel açıldığını, lakin gələcəkdə yeni otellərin tikintisinə də ehtiyac olacağını deyib: “Ona görə də şəhər icra hakimiyyəti yerləri müəyyən etməlidir. Şəhərsalma planına uyğun olaraq, üçulduzlu, dördulduzlu, əlbəttə ki, beşulduzlu otellər də olmalıdır ki, bütün kateqoriyalı insanlar, onların maddi vəziyyətinə uyğun olaraq Bakıda rahat qala, şəhərimizlə tanış ola bilsinlər”.

Prezident görülən işlərin əhəmiyyətli olduğunu vurğulayıb: “İkinci Proqramın icrası bir daha onu göstərir ki, Azərbaycanda istənilən məsələ öz həllini tapa bilər”.

Prezident gələn ildən Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafı Dövlət Proqramının üçüncü mərhələsinə də başlanmalı olduğunu qeyd edib: “Hesab edirəm ki, üçüncü proqramın icrası nəticəsində bu günə qədər həll olunmayan məsələlər və Bakının, onun qəsəbələrinin bütün infrastruktur, nəqliyyat, sosial problemləri öz həllini tapacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR