Şotlandiya parlamentinin jurnalında Azərbaycanla bağlı yazı dərc edilib

Şotlandiya parlamentinin jurnalında Azərbaycanla bağlı yazı dərc edilib
# 07 oktyabr 2013 15:12 (UTC +04:00)

AAC-dan APA-ya verilən məlumata görə, jurnalın nüsxələri Şotlandiya Milli Partiyasının oktyabrın 17-dən 20-dək keçiriləcək konfransında Şotlandiya parlamentinin üzvlərinə və konfransda iştirak edəcək nümayəndələrə paylanılacaq.

Məqalədə Şotlandiya və Azərbaycan arasındakı yaxın əlaqələr vurğulanır, qeyd olunur ki, Aberdin Avropanın enerji paytaxtıdır və 2500 insanın işlədiyi BP-nin Şimal dənizində kəşfiyyat və hasilat qərargahı burada yerləşir. BP həmçinin Azərbaycanın enerji mənbələrinin tədqiqində aparıcı xarici investordur. Son iyirmi il ərzində yüzlərlə azərbaycanlı Şotlandiyada, bir o qədər də şotland Azərbaycanda məskunlaşıb.

Yazıda Şotlandiyanın birinci naziri Aleks Salmondun sözlərindən sitat gətirilir: “Aberdin və Azərbaycan arasında güclü əlaqələr mövcuddur, ticarət sahəsində tərəfdaşlıq 1990-cı illərin əvvəllərindən həyata keçirilir. Azərbaycan artıq Şotlandiyanın neft və qaz təchizat bazası üçün altıncı ən böyük ixrac bazarıdır”.

Burada həmçinin Aberdinin keçmiş lord meri Piter Stivenin (Peter Steven) fikirlərinə istinad edilir: “Qarşıdakı illərdə biz Xəzər regionunda yerləşən şəhərlərlə əlaqələrimizi genişləndirəcəyimizə, qarşılıqlı mübadilə imkanlarını araşdıracağımıza və şəhərlərimiz arasında ticarət və investisiya qoyuluşunu təşviq edəcəyimizə ümid edirik. Xəzər regionu ölkələri ilə əməkdaşlıq artdıqca biz qeyri-enerji sektorunda əməkdaşlığın inkişafı üçün yeni imkanlar nəzərdən keçiririk”.

Yazıda Şotlandiya ilə Azərbaycan arasında təhsil və mədəniyyət sahəsində güclü əlaqələr vurğulanır, Azərbaycan qazını birbaşa Qərbi Avropaya daşıyacaq Transadriatik kəməri barədə danışılır, prezident İlham Əliyevin BP-nin rəhbərlik etdiyi konsorsiumla imzalanmış "Əsrin Müqaviləsi"nin təmin olunmasındakı rolu qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR