AMEA Dilçilik İnstitutunun direktoru: “Bəzi şöbələrlə bağlı ixtisaslı kadrlarımız yoxdur”

AMEA Dilçilik İnstitutunun direktoru: “Bəzi şöbələrlə bağlı ixtisaslı kadrlarımız yoxdur”
# 28 oktyabr 2013 16:45 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Dilçilik İnstitutunda aparılan müzakirələr zamanı məlum oldu ki, mövcud strukturlarla prezident İlham Əliyevin dilçiliyin inkişafı ilə bağlı irəli sürdüyü vəzifələri həyata keçirmək mümkün deyil. Buna görə də institutun 10 şöbəsi qalmaq şərti ilə onların həm adında, həm də mahiyyətində ciddi dəyişiklik edilib”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli institutun təsdiqlənən yeni strukturu və onların görəcəyi işlərə münasibət bildirərkən deyib.

O bildirib ki, əvvəllər institutda təkcə Azərbaycan dili ilə 6 şöbə məşğul olub. Hazırda isə 6 şöbə birləşərək elə bir qurum yaradılır ki, orada Azərbaycan dili ilə bağlı məsələlərin vahid mərkəzdə müzakirə olunacaq: “Bundan əlavə, müasir dövrün tələblərinə uyğun olaraq yaradılacaq digər şöbələrdə də həm ümumi dilçilik, həm də Azərbaycan dili ilə bağlı məsələləri həll etmək mümkün olacaq. Hələlik bəzi şöbələrlə bağlı ixtisaslı kadrlarımız yoxdur. Amma inanırıq ki, şöbələr yaradılana kimi yaxın müddətdə mütəxəssislər yetişəcək”.

Qeyd edək ki, bu günlərdə Dilçilik İnstitutunun yeni strukturu təsdiqlənib. İnstitutun yeni şöbələrinə Müasir Azərbaycan dili, Dil tarixi və dialektologiya, Sosial linqvistika və dil siyasəti, Qədim dillər və mədəniyyətlər, Sosio-dilçilik və dil siyasəti, Nəzəri dilçilik, Hind-Avropa dilləri, Monitorinq, Kompüter dilçiliyi, Türk dilləri şöbəsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR