Bu ilin 8 ayında Azərbaycanda 36 ton keyfiyyətsiz ərzaq malları satışdan çıxarılaraq məhv edilib

Bu ilin 8 ayında Azərbaycanda 36 ton keyfiyyətsiz ərzaq malları satışdan çıxarılaraq məhv edilib
# 13 sentyabr 2013 13:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə İmişlidə “Azərbaycanda istehlakçı hüquqları qorunur” mövzusunda növbəti konfrans keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak edib.

Konfransda çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqlarının qorunması sahəsində Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirib ki, bu ilin ötən 8 ayında həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 35,9 ton müxtəlif növ ərzaq malları satışdan çıxarılaraq məhv edilib.

İstehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin xüsusi əhəmiyyətini qeyd edən A.Əliyev bu ilin ötən ayları ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 15 adda 45 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 1200 yaddaş kitabçasının paylandığını diqqətə çatdırıb. Hazırda KİV-lə istehlakçıların maarifləndirilməsi sahəsində həyata keçirilən əməkdaşlıq çərçivəsində müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır.

Tədbirdə xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış edib, tədbir iştirakçılarının suallarını cavablandırıblar. Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR