Azərbaycanda çətin həyat şəraitində olan uşaqlar müvəqqəti yaşayış yeri ilə təmin ediləcək

Azərbaycanda çətin həyat şəraitində olan uşaqlar müvəqqəti yaşayış yeri ilə təmin ediləcək
# 12 may 2014 09:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunan Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin və Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın tikinti işlərinin bu ilin ikinci yarısında başa çatdırılması nəzərə tutulur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi gözdən əlillərin gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnmələri, onların sosial reabilitasiyasının daha dolğun şəkildə aparılması məqsədinə xidmət edəcək.

İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq isə çətin həyat şəraitinə düşmüş, sosial cəhətdən təhlükəli vəziyyətdə olan uşaqları müvəqqəti yaşayış yeri, sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin edəcək.

Qeyd edək ki, sosial müdafiə əhəmiyyətli digər yeni sosial layihə kimi, hazırda Qobustan rayonunda penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də inşa olunur. Mərkəzdə qeyd olunan şəxslərin peşə hazırlığı və işlə, tibbi və sosial yardımla təmin edilməsi, sosial adaptasiya olunmaları məqsədilə dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birgə müvafiq işlər aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR