I Bakı Beynəlxalq Memarlıq müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib

I Bakı Beynəlxalq Memarlıq müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib
# 31 oktyabr 2013 15:29 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Mədəniyyət və Turizm Nazirliyinin və Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçiriləcək I Bakı Beynəlxalq Memarlıq müsabiqəsi ilə bağlı mətbuat konfransı keçirilib.

APA-nın məlumatına görə, konfransda Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbəy Qasımzadə bildirib ki, müsabiqə Azərbaycanda ilk dəfədir keçirilir: “Əvvəlki rəhbərliyin belə bir müsabiqə keçirmək fikri olmayıb. Biz bir ildir Memarlar İttifaqına rəhbərlik edirik və komanda olaraq qərara gəldik ki, müsabiqəni bu il keçirək”.

Müsabiqənin münsiflər heyətinin üzvlərindən olan Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmaki bildirib ki, bu onun Bakıya ilk səfəri deyil: “Bakı məni ikinci dəfə heyran etdi. Biz keçən il Əbülfəs Qarayevlə Bakı görüşdük, İçərişəhərlə tanış oldum. Bu müsabiqəni yüksək qiymətləndirirəm. Müsabiqəni sizin ölkəniz üçün çox vacib və əhəmiyyətli hesab edirəm. İstərdim Azərbaycanda memarlardan muğayat olsunlar, onları qorusunlar”.

Qeyd edək ki, müsabiqənin əsas beş münsifi konfransda iştirak edib. Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vasilis Sgoutas, ittifaqın hazırkı baş katibi Mişel Barmaki, ittifaqın vitse-prezidentləri Hayder Ali və Tomas Vonier jurnalistlərin suallarını cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR