“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan Səngəçal terminalına gündəlik 1,2 mln. barel neft göndərilir

“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan Səngəçal terminalına gündəlik 1,2 mln. barel neft göndərilir
# 07 avqust 2013 14:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar bloku və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

«BP-Azerbaijan»dan “APA-Economics”ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün 27,4 mln. kubmetr qaz, ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 41,5 mln. kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən ARDNŞ-a məxsus qaz kəməri ilə ixrac olunur.

Birinci yarım il ərzində terminal 144 mln. barel neft (o cümlədən 126 mln. barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 14 mln. bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təxminən 3 mln. barel dəmir yolu vasitəsilə və 0,95 mln. barel kondensat ixrac kəməri vasitəsilə) ixrac edib.

Terminal həmçinin yarım il ərzində gündəlik orta hesabla 27 mln. kubmetr “Şahdəniz” qazı ixrac edib.

Qeyd edək ki, AÇG yataqlarının işlənməsi layihəsində BP (operator - 35,78%), Azərbaycan Dövlət Neft Şirkəti (11,65%), «Chevron» (11,27%), «Inpex» (10,96%), «Statoil» (8,56%), «ExxonMobil» (8%), TPAO (6,75%), «Itochu» (4,3%), «ONGC Videsh Limited» (2,72%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR