Azərbaycanda I - IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsinin qaydaları açıqlanıb

Azərbaycanda I - IX sinif şagirdlərinin bir məktəbdən digərinə yerdəyişməsinin qaydaları açıqlanıb
# 24 iyun 2014 11:30 (UTC +04:00)

APA-nın xəbərinə görə, “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydaları”na əsasən, övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir, ərizəyə şagirdin qiymət cədvəli də əlavə olunur.

Qeyd olunub ki, məktəb direktoru nəzərdə tutulan sinifdə şagird sayı və ya sinif otağının ölçüsü şagird qəbuluna imkan verdiyi halda, onun bu məktəbdə müvafiq sinfə qəbul olunduğu və bununla əlaqədar şəxsi işinin göndərilməsi haqqında valideynə şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. Həmin arayış əsasında valideyn övladının indiyədək təhsil aldığı məktəbdən şəxsi işini götürüb təhsilini davam etdirəcəyi məktəbin direktoruna təqdim edir və bunun əsasında şagirdin kontingentə daxil olması barədə əmr verilir.

Xüsusi tədris proqramları tətbiq edilən məktəb, lisey və gimnaziyalara, məktəb liseylərdəki lisey siniflərinə, özəl məktəblərə, habelə həmin təhsil müəssisələrindən ümumtəhsil məktəblərinə şagirdlərin yerdəyişməsi bu qaydalar əsas tutulmaqla həmin müəssisələrin nizamnamələrinə uyğun həyata keçirilir. Vaxtilə məcburi köçkün məktəblərinə qəbul edilmiş məcburi köçkün olmayan şagirdlər yalnız yerli məktəblərə keçirilə bilər. Yerli məktəblərdə təhsil alan məcburi köçkün şagirdlərin məcburi köçkün məktəblərinə yerdəyişməsinə icazə verilir. Məcburi köçkün məktəblərində təhsil alan məcburi köçkün şagirdlərin digər məcburi köçkün məktəblərinə yerdəyişməsinə yol verilir.

Tam orta təhsil səviyyəsində (X-XI siniflər) təhsil alan şagirdlərin yerdəyişməsinə valideynin ərizəsi əsasında dəyişmək istədiyi məktəbin yerləşdiyi rayon (şəhər) üzrə yerli təhsili idarəetmə orqanında baxılıb aşağıdakı hallarda razılıq verilir: yaşayış yeri ərazisində yerləşən digər məktəbə keçdikdə, ailəsi ilə birlikdə yaşayış yerinin dəyişməsi rəsmi sənədlərlə təsdiqləndikdə, valideynlərin uzun müddətə xaricə getməsi və ya digər səbəblərdən şagirdin valideyn nəzarətindən kənarda qalması rəsmi sənədlərlə təsdiq edildikdə və müxtəlif səbəblərdən xüsusi tədris proqramları tətbiq edilən lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində təhsilini davam etdirməsi mümkün olmadıqda.

Qaydalara əsasən, dərs ilinin ikinci yarım ilində XI sinif şagirdlərinin digər rayon və şəhərlərin məktəblərinə yerdəyişməsinə Təhsil Nazirliyində baxılır. Tabeliyindən asılı olmayaraq, ixtisaslaşdırılmış məktəblərdən şagirdlərin ümumtəhsil məktəblərinə və ya əksinə yerdəyişməsinə valideynin müraciətinə əsasən, Təhsil Nazirliyində baxılıb müvafiq qərar qəbul edilir. Ümumi orta təhsil icbari hesab edildiyindən bu təhsil səviyyəsindən ilk peşə və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş şagirdlərin ümumtəhsil məktəblərinin tam orta təhsil səviyyəsinə yerdəyişməsinə icazə verilmir.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR